İndoneziyalı nazir “Facebook” rəhbərini yarışa çağırdı

10 İyul 2019 13:43 (UTC+04:00)

İndoneziyanın dəniz işləri və balıqçılıq naziri Susi Pudciastuti “Facebook İnc.” təsisçisi Mark Zukerberqə “İnstagram” vasitəsilə aralarında avarçəkmə yarışı keçirmək təklifini göndərib.

“Bloomberg” xəbər verir ki, Zukerberqin Kaliforniyadakı Tahoe gölündə avar çəkdiyini əks edən fotoşəklini “Facebook”da paylaşmasına cavab olaraq irəli sürülən bu təklifdə 54 yaşlı xanım Susi Pudciastuni qalib gələcəyi halda “Facebook”un 10 faizinin ona çatacağı şərtini də qoşub.

Həmin vəsaitə indoneziyalı nazir ölkəsinin ərazi sularını qanunsuz balıq ovundan qorumaq üçün “bir neçə böyük gözətçi gəmisi” və eyni zamanda balıqçılar üçün “daha çox və daha yaxşı balıq tutmaları üçün” bir neçə min balıqçı qayığı alacağını bildirib.

Bu təklifə M.Zukerberq və “Facebook” tərəfindən hər hansı cavab gəlməsə də, bir çox istifadəçilər şirkət rəhbərini bu təklifi qəbul etməyə çağırıb. Həmçinin nazirin balıqçı qayıqları almağı boyun olması 5 min sosial media istifadəçisi tərəfindən cavablandırılıb və 55 min istifadəçi tərəfindən bəyənilib.

Qeyd edək ki, S.Pudciastuni İndoneziyada qanunsuz balıq ovuna qarşı sərt tədbirlərin təşəbbüskarı kimi tanınır.(report.az)

AzNews.az