Vəkillər kollegiyası rəyasət heyətinin növbəti iclası keçirilib

10 İyul 2019 19:05 (UTC+04:00)

İclasda vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə, o cümlədən, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş vəkilliyə namizədlərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılmış və müsbət qərar verilmiş, həmin şəxslər iclasda vəkil andı içmişlər.

Eyni zamanda, iclasda vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən dövlət hesabına hüquqi yardımın növbəlilik üzrə həyata keçirilməsinin vahidləşdirilməsi, o cümlədən, könüllülük prinsipi nəzərə alınmaqla dövlət hesabına hüquqi yardım göstərmək niyyətində olan vəkillərin noyabr ayının 1-dək Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə biləcəkləri barədə qərar qəbul edilmişdir.

Bundan başqa, iclasda Vəkillərin İntizam Komissiyasının sabiq üzvü, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun rəhbəri, mərhum vəkil Sərdar Qasımovun adının “Vəkillərin şərəf kitabı”na daxil edilməsi qərara alınmışdır.

İclasda həmçinin bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.