İçdiyimiz suyun mənbəyində bir gün - REPORTAJ

11 İyul 2019 09:51 (UTC+04:00)

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Hacıqabulda yerləşən Kür Sutəmizləyici Qurğular Kompleksinə mediatur təşkil edilib.

“Yeni Müsavat”ın əməkdaşının da qatıldığı mediaturda kompleksin işi ilə yaxından tanışlıq olub. Jurnalistlərə bildirilib ki, Heydər Əliyevin içməli su sektorunda şah əsəri olan Kür Sutəmizləyici Qurğular Kompleksi bu gün ölkənin böyük bir hissəsini keyfiyyətli içməli su ilə təmin edir. "Azərsu" ASC sədrinin baş müşaviri Telman Ağayev jurnalistlərə məlumat verərək söyləyib ki, ötən əsrin 70-ci illərinə qədər Bakı şəhəri və Abşeron yarımadasındakı digər yaşayış məntəqələri içməli su ilə “Şollar”, İkinci Bakı su kəmərləri və Ceyranbatan sutəmizləyici qurğuları hesabına təchiz olunurdu:

“Bakı və Sumqayıtın sürətli inkişafı, yeni sənaye müəssisələrinin yaradılması mövcud tələbatı ödəmədiyindən əhalinin içməli su təminatında ciddi çətinliklər yaranırdı. Belə bir şəraitdə Kür suyunun paytaxta gətirilməsi zərurəti yaranır. SSRİ Nazirlər Sovetinin qərarı ilə Kür su kəmərləri sisteminin birinci növbəsinin inşasına 1968-ci ildə başlanılır, lakin işlər olduqca ləng gedirdi. 1969-cu ildə respublika rəhbərliyinə gəlmiş Heydər Əliyevin Kür su kəmərinin tikintisini şəxsən nəzarətə götürməsindən sonra işlər sürətləndirilir. Ulu öndərin təşəbbüsü ilə bu layihənin qısa müddətdə başa çatdırılması üçün respublikanın əsas tikinti təşkilatları ”Ümumxalq tikintisi"nə cəlb edilir. Məhz bunun nəticəsində işlər qısa müddətdə başa çatdırılır.

Kür su magistral kəmərinin birinci növbəsi 1970-ci il sentyabr ayının 27-də istifadəyə verilir. Tikinti sahəsində toplanmış zəngin təcrübə Kür su kəmərinin ikinci növbəsinin daha tez reallaşmasna gətirib çıxarır və cəmi bir il sonra-1971-ci il sentyabrın 15-də ikinci Kür-Bakı su kəməri istifadəyə verilir. Xatırladaq ki, Kür su kəməri kompleksinin birinci növbəsinin tam istifadəyə verilməsi Abşerona saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaradıb".

Ağayev bildirib ki, 1980-88-ci illərdə Kür su kəmərləri sisteminin ikinci növbəsinin tikintisi həyata keçirilir:

“İkinci növbə çərçivəsində mərhələlərlə Bakıya daha üç magistral su kəməri çəkilir.

1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür Sutəmizləyici Qurğular Kompleksində yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xlorator və reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulub, nəticədə kompleksin emal gücü saniyədə 9,5 kubmetrə çatdırılıb, eyni zamanda suyun keyfiyyəti standartlara uyğunlaşdırılıb".

Jurnalistlər əyani şəkildə suyun təmizlənib anbara ötürülməsi prosesi ilə tanış olublar. Jurnalistlərin suallarını cavablandıran mütəxəssislər bildiriblər ki, əslində insanların su ilə bağlı narahatlığına heç bir əsas yoxdur. Qeyd edilib ki, suyun tərkibi mütəmadi olaraq yoxlanılır və lilli Kür suyu təmizlənərək istifadəyə verilir.

Kür Su Kəmərlər İdarəsinin rəisi Eldəniz Həsənov söyləyib ki, Kür sutəmizləyici qurğularında suyun təmizlənməsi prosesi 3 mərhələdə həyata keçirilir:

“Belə ki, üzən nasos stansiyaları vasitəsilə Kür çayından götürülən su əvvəlcə radial su durulducularına ötürülür. Burada xüsusi kimyəvi reagentlərdən istifadə edilərək lil çökdürülür. 2-ci mərhələdə su horizontal durulducularda emal olunur. Nəhayət, 3-cü mərhələdə süzgəclərdən keçərək standartlara uyğun təmizlənən su anbara ötürülür. Burada xlorlanaraq zərərsizləşdirilən su nasoslar vasitəsilə magistral kəmərlərə vurulur. Uzaq məsafədən suyu Bakıya çatdırmaq üçün magistral xəttin 89-cu kilometrində - Səngəçal qəsəbəsi yaxınlığında yenidən qaldırıcı nasoslardan istifadə olunur”.

Məlumat verilib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi, eləcə də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi ilə əlaqədar Abşerona verilən içməli suyun həcmi xeyli artır. Bu da Kür sutəmizləyici qurğular kompleksindən Bakıya verilən suyun bir hissəsinin ölkənin Muğan və Aran rayonlarına yönəldilməsi üçün geniş imkan yaradır.

Bu barədə jurnalistlərə açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, məhz bu məqsədlə 2012-ci il iyulun 16-da Prezident İlham Əliyev tərəfindən Şirvan-Muğan qrup su kəmərinin təməli qoyulur: “2012-2013-cü illərdə 107 km uzunluğunda Şirvan-Muğan qrup su kəməri və kəmərin marşrutu boyunca Hacıqabul, Salyan və Biləsuvar su anbarları tikilib. Prezident İlham Əliyev iştirakı ilə 2013-cü il aprelin 15-də Hacıqabul, iyulun 1-də Şirvan, sentyabrın 4-də Biləsuvar, 2016-cı il sentyabrın 3-də isə Salyan şəhərlərinə içməli suyun verilməsi təmin olunub. Gələcəkdə bu kəmərdən Neftçala şəhərinə də suyun verilməsi nəzərdə tutulur. Qeyd edək ki, Şirvan-Muğan Qrup su kəmərindən 5 şəhər və 121 kəndin 470 min nəfər sakini faydalanacaqdır.

Bununla yanaşı, 2014-cü ildə uzunluğu 62 km olan Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral su kəməri tikilərək istismara verilib. Həmin kəmər 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad və Saatlı şəhərlərinin, həmin rayonların 40 kəndinin, eləcə də Hacıqabul rayonunun 4 kəndinin ümumilikdə 160 min nəfər sakininin içməli suya olan tələbatını ödəyəcəkdir.

2014-cü il dekabrın 15-də də Prezident İlham Əliyevin iştirakı ilə Sabirabad-Saatlı magistral su kəmərindən Sabirabad şəhərinə, 2017-ci il martın 28-də isə Saatlı şəhərinə içməli suyun verilməsi mərasimləri keçirilib.

Ölkə rəhbərliyinin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən Hacıqabul və Şamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsi həyata keçirilib. Bu məqsədlə həcmi 50 min kubmetr olan anbarlar tikilib, Kür sutəmizləyici qurğularından Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda əsas daşıyıcı kəmər çəkilib. Əkin sahələrinin suvarılması üçün Kür sutəmizləyici qurğularından saniyədə 5 kubmetr həcmində suvarma suyu verilir". (“Yeni Müsavat”)