Hərbi hissədə tədbir keçirildi

11 İyul 2019 14:20 (UTC+04:00)

Azərbaycan Respublikası Hərbi Prokurorluğu və Milli Qeyri-Hökümət Təşkilatları Forumunun (MQF) birgə tədbirlər planına əsasən Füzuli rayonu “N” saylı hərbi hissədə tədbir keçirildi.

AzNews.az xəbər verir ki, tədbirdə Füzuli Hərbi Prokurorunun müavini, Ədliyə polkovnik-leytenantı Elşən Əli-Məmmədov, “N” saylı hərbi hissənin hərbi qulluqçuları, MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova və MQF Elm və Təhsil Mərkəzinin direktoru, “Əsgər anaları şurası”nın sədri Leyla Gərayzadə iştirak etdi.

MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova çıxış edərək son illər ərzində Azərbaycan Ordusunun hərbi potensialının və müdafiə qabiliyyətinin xeyli artdığını, eyni zamanda ordu quruculuğu istiqamətində ardıcıl surətdə dünya təcrübəsi nəzərə alınmaqla mühüm əhəmiyyətli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı.

Həmçinin qeyd etdi ki, 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar Azərbaycan Ordusunu dünyanın ən qüdrətliləri sırasına daxil olmasına imkan yaradıb. Məhz onun nəticəsidir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən, istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır.

MQF Elm və Təhsil Mərkəzinin direktoru, “Əsgər anaları şurası”nın sədri Leyla Gərayzadə çıxış edərək bildirdi ki, Azərbaycan Ordusunun formalaşması isə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün Azərbaycan Ordusunun quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib və bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə və ölkəmizin ərazi bütövlüyünü qorumağa hər zaman hazırdır.

Tədbirdən sonra nümayəndələr səngərlərdə əsgərlərlə görüşdü.

AzNews.az