Universitetin yataqxanasında uçqun - yaralılar var

8 May 2013 08:03 (UTC+04:00)
Bakının Dərnəgül qəsəbəsində, N.Tusi adına Pedoqoji Universitetin 2 saylı yataqxanasının 3-cü mərtəbəsinin tavanı çöküb. Nəticədə yataqxanada məskunlaşan Qarabağdan məcburi köçkün düşənlərdən 2-si yaralanıb. Hadisə saat 23.15-də baş verib.

Yataqxanada məskunlaşan köçkünlərin Anspress-ə verdikləri məlumata görə, uçqun 5-mərtəbəli yataqxanının 3-cü mərtəbəsinin mətbəxindən başlayıb, daha sonra isə digər otaqlara keçib. Sakinlərin dediyinə görə, uçqun baş verən mərtəbədə 24, bütünlükdə binada isə 125 ailə yaşayır. Binanın su-kanalizasiya sistemi uzun müddətdir bərbad durumdadır, mərtəbələr arasındakı sızmalar binanın zirzəmisinin su ilə dolmasına səbəb olub. Nəticədə binanın müxtəlif hissələrində çatlar əmələ gəlib. Sakinlərin sözlərinə görə, binada məskunlaşan Şuşa, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilandan məcburi köçkünlər dəfələrlə uyğun qurumlara müraciət etsələr də, şikayətlərini dinləyən olmayıb.

Binada məskunlaşanların sözlərinə görə, bütün sakinlər ən zəruri əşyalarını götürərək binanı tərk edib. Bu dəqiqələrdə də uçqun davam edir. //qafqazinfo//

AzNews.az