Təcili yardım meyiti maşına götürmədi - Rəis oğlunun faciəli ölümünün təfərrüatı

12 İyul 2019 11:25 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi Əliaslan Ağayevin oğlu Orxan Ağayevin ölümünün təfərrüatı məlum olub.

AzNews.az xəbər verir ki, mərhumun yaxın dostu Həsən Əliyev sosial şəbəkədə hadisənin şahidi olduğunu yazıb. O, Orxan Ağayevin faciəli ölümündə həkimləri günahlandırıb:

“5-ci mərtəbədən yerə çırpılaraq ölən oğlan mənim məhlə yoldaşım, yaxın dostum idi. Orxanın yerdə 10-15 dəqiqə nəbzi vururdu. Yanında idim. Təcili yardım 40 dəqiqəyə gəldi, baxdı nəbzi yoxdur, getdi qıraqda dayandı. Təcili yardım saat yarım yanımızda dayandı, meyiti maşına götürmədi. Yaxında olan klinikadan təcili yardım istədik. Nə qədər pul istəsələr verəcəyimizi dedik, kömək etmədilər. Təcili yardımın işçisi "Bu, ölüb, mən neyləyim” dedi”.

Qeyd edək ki, iyulun 11-də Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi Əliaslan Ağayevin oğlu Orxan Ağayev faciəli şəkildə dünyasını dəyişib. Mətbuatda bildirilən məlumata görə, 28 yaşlı Orxan Ağayevin anası oğlundan evin pəncərəsinə paltar asmaq üçün ipi düzəltməyini istəyib. Orxan pəncərədə paltarasılanın ipini düzəldərkən ehtiyatsızlıqdan yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ

AzNews.az