“Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda intibah mərhələsi başladı”

12 İyul 2019 16:34 (UTC+04:00)

“Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi müasir tariximizdə yeni mərhələnin başlanmasına səbəb oldu. Heydər Əliyev Azərbaycan Sovet Sosialist Respublikasında hakimiyyətə gələnə kimi İttifaqın ən kasıb respublikalarından biri idik. Torpağımız münbit, təbii sərvətlərimiz bol idi. Yalnız həmin imkanları kapitala çevirə biləcək liderə ehtiyac duyulurdu. Heydər Əliyev bu məsuliyyəti öz üzərinə götürdü və qısa müddətdə Azərbaycan qol-budaq açdı, xalqın rifahı yaxşılaşdı, bütün sahələrdə sürətli inkişaf dövrü başladı”.

Bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı danışarkən deyib.

1969-cu ildən sonra Azərbaycanda həm iqtisadi-siyasi, həm də sosial-mədəni sahədə intibah dövrünün başladığını deyən R.Əhmədov həmin illərdə Respublikada görülmüş işlərdən söz açıb: “Yeni yollar çəkildi, zavodlar, fabriklər işə salındı, yüzlərlə mədəniyyət mərkəzləri tikildi, Bakıda xüsusi memarlıq üslubu ilə fərqlənən binalar inşa edildi, onlarla yeni qəsəbələr salındı, minlərlə vətəndaşımız dövlətdən pulsuz ev aldı. Ulu Öndər zavodlarda, fabriklərdə və kənd təsərrüfatı sahələrində çalışan insanlara xüsusi qayğı ilə yanaşırdı. O, həmişə milli kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verib. Məhz Heydər Əliyevin sayəsində minlərlə gənc təhsil almaq üçün Sovet İttifaqının müxtəlif respublikalarına göndərilirdi. Həmin kadrlar vətənə dönüb müxtəlif sahələrdə işlə təmin olunurdular”.

R.Əhmədov qeyd edib ki, Heydər Əliyevin Azərbaycan xalqı üçün etdikləri heç vaxt unudulmayacaq: “Sovet İttifaqının rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin uğurlarını həzm edə bilmirdilər. Onun Azərbaycan xalqının mənafeyinə xidmət edən addımlar atması, Respublikanın inkişafı üçün zəruri olan proqram və layihlərin qəbul olunması üçün əsl fədakarlıq nümunələri sərgilməsi çoxları tərəfindən qısqanclıqla qarşılanırdı. Dəfələrlə müxtəlif təzyiqlərə məruz qalıb. Amma Heydər Əliyevin ürəyindəki vətən sevgisini heç bir güc söndürə bilməyib. İllər ötəcək, dövrlər dəyişəcək, lakin Heydər Əliyevin bu ölkənin inkişafı və xalqın rifah halının yüksəldilməsi naminə gördüyü işlər heç vaxt yaddaşlardan silinməyəcək. Heydər Əliyev tarix yazıb! Bu tarix həmişə məktəblilərə, gənclərə qəhramanlıq salnaməsi kimi tədris olunacaq”.

Heydər Əliyevin 20 Yanvar faciəsilə bağlı Sovet İttifaqının rəhbərliyinə sərt etirazını xatırladan R.Əhmədov Ulu Öndərin həmin dövrdə həyatını risk altına atdığını və xalqının ağır günlərində gerçək bir qəhrəmanlıq nümunəsi yaratdığını qeyd edib: “Özünü və ailə üzvlərini müxtəlif ağır təzyiqlərə məruz qoydular. Səhhətində ciddi problemlər baş qaldırdı. Lakin bütün bunlara baxmayaraq o, geri durmadı, sona qədər xalqın sözünü dedi, xalqın mövqeyini müdafiə etdi. Hər bir Azərbaycan vətəndaşı müstəqilliyimizin bərpa olunmasında Heydər Əliyevin misilsiz xidmətlərini yüksək qiymətləndirir. Heç kəs unutmur ki, üç rəngli bayrağımızı ilk dəfə məhz Heydər Əliyev rəsmi dövlət qurumunun üzərində dalğalandırıb və onu Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı kimi təsdiq edib. Ulu Öndər bu addımı atanda Sovet İttifaqı hələ süquta uğramamışdı”.

R.Əhmədov dahi liderin davamçısı, prezident İlham Əliyevin də gördüyü işlərdən bəhs edib. O bildirib ki, Ulu öndərin yaratdığı siyasi kurs bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün Azərbaycan dünyanın ən sabit dövlətlərindən biridir. Ölkəmizdəki sabitliyinin təməlində xalq-iqtidar birliyi, xalqın Prezidentə inanı və Prezidentin əhaliyə göstərdiyi diqqət və qayğı dayanır. Əminliklə deyə bilərik ki, bu birlik heç vaxt sarsılmayacaq! Xalq öz inkişaf yolunu seçib. Bu yoldan xalqımızı heç bir qüvvə ayıra bilməz”.(missiya.az)

AzNews.az