““Xəzər“ televiziyasında işlədilən intonasiya bizə yaddır“

8 May 2013 08:59 (UTC+04:00)



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu respublikanın ən görkəmli dilçi alimlərin iştirakı ilə Azərbaycan dilinin qrammatikasını yenidən yazacaq.

İnstitutun direktor əvəzi Fəxrəddin Veysəlli Trend-ə bildirib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Azərbaycan dilinin fundamental və monoqrafik tədqiqatları davam etdirilməlidir.

Buna görə də respublikanın görkəmli alimləri cəlb edilməklə vahid normaya uyğun müasir Azərbaycan dilinin fundamental, funksional qrammatikasının yazılması planlaşdırılıb.

F.Veysəlli deyib ki, artıq bu məqsədlə müəllif kollektivi yaradılıb və geniş iş planı hazırlanıb. Yeni yazılacaq "Azərbaycan dilinin qrammatikası"nda Azərbaycan dilinin bütün aspektləri, o cümlədən fonotaktika, intonasiya, vurğu, mətn dilçiliyi və s. yeni aspektdə - təsvirçilik baxımından deyil, sırf nəzəri planda yazılacaq. Nəticədə yeni, funksional aspektdə yazılmış, son illərin nəzəri dilçiliyində olan bütün məsələri özündə əks etdirən qrammatika hazırlanacaq. Azərbaycan dilinin hazırkı qrammatikası isə təsviri qrammatikadır:

"Məsələn, Azərbaycan dilində ismin filan qədər halı var, filan halın şəkilcisi filandir. Bu mərhələ artıq keçib. Bu, mərhələ ötən əsrin 60-cı illərindən başlayıb və 90-cı illərə qədər davam edib. İndi vəziyyət bir qədər dəyişib, cünki dilin leksik fonduna yanaşma tərzi də dəyişib. İndi sözun dil sistemində yerini müəyyənləşdirmək lazımdır. Yəni söz səviyyəsində sistemliliyi sübut etmək lazımdır".

F.Veysəlli qeyd edib ki, yeni qrammatikanın yazılması üçün müəlliflərə artıq müəyyən istiqamətlər də verilib. Müəlliflərə tövsiyə edilib ki, yeni qrammatika köhnə qrammatikanın təsiri altında yazılmasın:

"Yaxşı olar ki, müəlliflər yeni qrammatikanı yazanda köhnə qrammatikanı bir kənara qoysunlar. Sözsüz ki, onları öyrənmək lazımdır. Ancaq onların təsirindən xilas olmaq da lazımdır. Bir az dünya dilçiliyinə cıxmaq lazımdır. Öyrənmək lazımdır ki, görək, bu məsələlər dünya dilçiliyində necə öz əksini tapır".

İnstitut direktoru bildirib ki, bir sıra hallarda rus və başqa dillərin təsiri altında Azərbaycan dilinin bəzi qayda-qanunları pozulur.
Onun sözlərinə görə, bəzən sitat yazıldıqdan sonra "filankəs deyib" yazılır ki, bu da rus və digər yad dillərin təsiri altında baş verir:

"Ruslar sitatdan sonra "skazal on" yazırlar. Bizdə də onu tərcümə edib Azərbaycan dilinə ötürürlər. Ancaq bu ötürtürücülk bəzən yaxşı olmur. Ona görə də biz gərək öz dilimizin qayda-qanunlarına əməl edək".

F.Veysəllinin sözlərinə görə, Azərbaycan dilinin qayda-qanunlarına əsasən, sitat yazılmamışdan əvvəl "filankəs dedi" yazılmalı, daha sonra iki nöqtə qoyulmalı, dırnaq işarəsi acılmalı və sözlər verilməlidir. Bundan sonra dırnaq bağlanmalı və sitatın verilməsi də başa çatmalıdır. Əgər bu zaman sitatın mənbəyi göstərmək lazımdırsa, onda mötərizə açılır, orada əsərin adı və səhifəsi yazılır. İnformasiya yazdıqda isə dırnaq işarəsi bağlandıqdan sonra heç nə yazılmır:

"Qayda belədir. Ancaq bu gün bu qaydalardan kənara çıxma halları baş alıb gedir. Bu gün ən mütərəqqi mətbuat orqanlarından tutmuş dövlət qezetlərinə qədər uzlaşma məsələsi bərbad haldadır. Məsələn, əslində "onlar gəlirlər" yazılmalıdır, ancaq qəzet məqalələrində "onlar gəlir" yazılır. Kəmiyyətə görə uzlaşma pozulur. Bu pozuntuların yaranmasında başqa dillərin təsiri olur. Bizimkilər də onları oxuyanda həmin dillərin təsiri altına düşürlər. İntonasiyadan yayınma halları da baş verir. Məsələn, "Xəzər" televiziyasında işlədilən intonasiya bizə yaddır".

F.Veysəllinin sözlərinə görə, yeni qrammatika yazıldıqdan sonra bütün bu problemlər həll ediləcək və onların həlli yolları yeni qrammatikada öz əksini tapacaq. Yeni qrammatika klassik formaya, bədii ədəbiyyata əsaslanmayacaq. Yeni qrammatikanın yazılması ciddi tədiqatlar aparılmasını tələb edir. Buna görə də bu qrammatikanın təxminən iki il ərzində başa çatdırılması nəzərdə tutulur.

AzNews.az