Bacı və qardaş necə tutulub?- polkovnikin şərti alıcı olduğu əməliyyatın təfərrüatı

14 İyul 2019 11:10 (UTC+04:00)

Azərbaycana İrandan qanunsuz olaraq narkotik vasitə gətirməkdə ittiham edilən bacı və qardaş hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirən 1978-ci il təvəllüdlü Püstəxanım Mirzəyeva və 1973-cü il təvəllüdlü Rəşid Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Püstəxanım Mirzəyeva və Rəşid Məmmədov istintaqa məlum olmayan İran vətəndaşları ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə giriblər.

Onlar Azərbaycana narkotik vasitə gətirmək barədə plan qurublar. İttihamda yazılır ki, bu barədə Dövlət Gömrük Komitəsinə məlumat daxil olub. Gömrük əməkdaşları şərti alıcı kimi Rəşid Məmmədovla danışıb. Narkotik vasitə Azərbaycana gətirilən zaman ilk olaraq Püstəxanım Mirzəyeva saxlanılıb. Daha sonra isə, Rəşid Məmmədov saxlanılıb.

Elan olunmuş ittihamla Püstəxanım Mirzəyeva özünü təqsirli bilməyib. Deyib ki, səhvi İranda ona verilən çantanı götürməsi olub.

Rəşid Məmmədov da özünü təqsirli bilməyib. Məhkəmə təqsirləndirilən şəxslərə ifadə verməyi təklif edib.

Püstəxanım Mirzəyeva növbəti prosesdə ifadə vermək istədiyini deyib.

Rəşid Məmmədov sərbəst ifadə verərkən deyib ki, İrana müalicə məqsədi ilə gedib. Bunu isə ona bacıları məsləhət görüb.

"Mən Moskvadan yeni qayıtmışdım. Böyük bacım ağır xəstə idi. O, İrana müalicəyə gedirdi. Səhhətində irəliləyiş var idi. Mənə də məsləhət gördülər. Bacımgilin də əvvəl tanıdığı İranlı tanışlar var idi. Mən gedib onlarla görüşdüm, məni qonaq etdilər. Onlarla söhbət edərkən Moskvadan bir nəfərin zəng etdiyini, mənim həmyerlim olduğunu dedi. Bir az söhbət elədik. Dedilər ki, İrana gəlsələr, görüşək. Danışığımız bu qədər olub. Sonra mən Azərbaycana qayıtdım. Gələndə məni gömrükdə saxlayıb dedilər ki, Bakıya getməliyik. Məni Dövlət Gömrük Komitəsinə apardılar. Orada dedilər ki, bacım narkotiklə tutulub. Mən buna inanmadım. Özümün də bundan xəbərsiz olduğumu söylədim. Məni də narkotik gətirməkdə günahlandırdılar".

Suallara cavab verən R.Məmmədov İranda olarkən tanımadığı şəxslə danışdığını, bunu onu qonaq edən iranlı şəxslərin planı olduğunu deyib: "Məni onlar məcbur danışdırdı. Amma danışığımızda bircə dəfə də olsun narkotik söhbəti olmayıb. Belə bir niyyətim də olmayıb. Sonradan bildim ki, telefonda danışdığım həmin şəxs gömrük əməkdaşı Malik imiş. Həmin iranlılar bizi bir hala saldı ki...".

R.Məmmədov suallara cavabında daha əvvəl məhkumluq həyatı yaşadığını deyib. Bildirib ki, namus üstündə Rusiyada qətl törədib və 8 il həbsxana həyatı yaşayıb.

Məhkəmə iclasında şahid qismində gömrük əməkdaşı, polkovnik Malik Əliyev də ifadə verib.

Bu zaman Püstəxanım Mirzəyevanın vəkili Janna Bağırova etirazını bildirib. Deyib ki, şahidin dindirilməsi növbəti prosesə saxlanılsın. Vəkil söyləyib ki, çünki Püstəxanım Mirzəyeva növbəti prosesdə ifadə verəcək. Müdafiəçi şahidin də növbəti prosesdə ifadə verməsini istəyib.

Hakim isə bildirib ki, şahid indi ifadə versə də, növbəti prosesə dəvət edilə bilər.

Şahid ifadəsində ittiham aktında yazılanları danışıb. Bildirib ki, əməliyyat məlumatı daxil olub və şərti alıcı kimi Rəşid Məmmədovla danışıb. Onun sözlərinə görə, R.Məmmədov narkotiki bacısı vasitəsi ilə Azərbaycana gətirib.

Rəşid Məmmədov buna etiraz edib. Söyləyib ki, bunu sübut edəcək heç bir fakt yoxdur.

Rəşid Məmmədova sual verilib ki, niyə istintaqda etiraf edici ifadə verib, narkotikin özünün olduğunu etiraf edib?

O, bunu namus məsələsi olduğunu deyib. Bildirib ki, bacısı ailəlidir və iki övladı var. Rəşid Məmmədov söyləyib ki, bacısının yoldaşı və qohumları buna görə onlara narazılığını bildirib. O, bacısının günahsız olduğunu bilib və cinayəti öz üstünə götürüb.

"Bu namus məsələsi idi. Arada narazılıq olmasın deyə belə etdim. Mən bacımın buraxılacağını düşündüm. Mənə də etiraf elə dedilər. Mən də belə dedim. Amma bacımı buraxmadılar" - deyə Rəşid Məmmədov söyləyib.

Məhkəmə araşdırması davam edir. (Musavat.com)