Cəlilabad sakininin evi dördüncü dəfə yanıb

14 İyul 2019 12:47 (UTC+04:00)

Yanğın hadisəsi bu gün səhər saatlarında rayonun Bədirli kəndində baş verib.

Kənd sakini Zakir Əliyevə məxsus ev yanıb. Yataq otağından başlayan yanğın qısa zamanda evi tamamilə bürüyüb. Hadisə yerinə FHN-nin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını çağırılsa da, evin əksər hissəsi tamamilə yanıb.

Ailə üzvləri xəsarət almayıb. Ancaq artıq 4-cü dəfədir ki, evdə yanğın olması diqqət çəkir. Ailə üzvləri yanğının əvvəllər də məhz yorğan-döşəkdən başladığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır. (APA)