"Türk xalqı hər zaman olduğu kimi bu sınaqdan da qalib çıxdı"

15 İyul 2019 14:56 (UTC+04:00)

2016-cı il iyulun 15-də Türkiyə xalqı mütəşəkkil olaraq ayağa qalxaraq FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhdin qarşısını alıb. Qiyamçı hərbiçilərin atəşləri və digər qanunsuz hərəkətləri nəticəsində 250 vətəndaş şəhid olub, 1500-dən çox insan yaralanıb. Şəhidlər və yaralılar arasında qadınlar, uşaqlar və qocalar da olub. Demokratiya və Milli Birlik Günü ölkənin hər yerində, o cümlədən ölkə xaricində, eləcə də Türkiyənin diplomatik nümayəndəliklərində qeyd olunur.

AzNews.az mövzu ilə bağlı qardaş Türkiyə xalqının zəfərinin tədqiqatçısı, "15 iyul" və media" adlı kitabın müəllifi Nurlan Ağadan müsahibə alıb.

- Türkiyədə demokratik münasibətlərə zərər vurmaq məqsədini daşıyan belə cəhdlər barədə nə deyə bilərsiniz?

- Türkiyə belə olaylara alışmış bir ölkədir. 1980-ci il çevrilişindən bəri demək olar ki, türk xalqı bu dərəcədə ciddi olaraq ilk dəfə təhdid olunurdu. Düzdür, 1997-ci ildə "postmodernist çevriliş", 2007-ci ildə "elektron nota" kimi olaylar da var idi, amma bunlar "15 iyul" səviyyəsində demokratiya təhdidi ehtiva eləmirdilər. Xalqın demokratiyası, xalqın iradəsi qarşısında güc olmaz. Bunu dərk etmiş və hərbi idarəetmənin fəsadlarını görmüş türk xalqı da demokratiyasını qorumağa hazır oldu, həm də bunu qanlar hesabına bacardı. Çevrilişə cəhd edənlərin məqsədi də guya demokratiya gətirmək idi, lakin unutmaq olmaz ki, törədicisi, səbəbi kim olursa-olsun, silah gücü ilə, hərbi rejimlə heç vaxt demokratiya qurula bilməz.

- Ümumiyyətlə, "15 iyul" hadisəsini Türkiyə tarixi üçün necə qiymətləndirirsiniz?

- Belə bir ifadə var ki, Türkiyə hər zaman "darbe"lərə hamilə bir ölkədir. Nəzərə alsaq ki, türk dünyasının aparıcı ölkəsi və Şərqin beynəlxalq siyasət sferasında başlıca güc mənbəyi Türkiyədir, o zaman bu ölkədə siyasi proseslərin gedişatına o qədər də təəccüblənməmək lazımdır. Əsas nəticə isə budur ki, Türkiyə demokratiyası, türk xalqı hər zaman olduğu kimi bu dəfə də sınaqdan qalib olaraq çıxdı.

- "15 iyul" və media" adlı kitabınız var. Bu haqda danışardınız, 15 iyul dönəmindəki Türkiyə mediası özünü nə dərəcədə doğrultdu?

- Türkiyə mediası istər mətbuat, istər radio-televiziya, istərsə də internet KİV baxımından olaya yanaşmasında plüralizm elementlərini qoruyaraq məsələyə yanaşdı. Köşə yazılarına fikir verdiyimiz zaman hadisənin baş vermə səbəbləri açıqlanarkən fərqli və hərtərəfli arqumentasiyanın aparılmasının şahidi oluruq. Olay jurnalistikanın həm bilgiləndirmə, həm maarifləndirmə funksiyaları aspektindən sözün həqiqi mənasında yaxşı dərəcədə işləndi. Xüsusən, "Yeni Şafak" qəzetinin "15 iyul"un arxivini yaratması və bu arxivin 6 dildə - türk, ingilis, ərəb, ispan, fransız, alman dillərində fəaliyyət göstərməsi Türkiyənin, medianın PR işini nə dərəcədə ciddiyə aldığının göstəricisidir.

- Bəs Azərbaycan mediası?

- Azərbaycan mediasının fəaliyyətini də uğurlu hesab etmək olar. Düzdür, burada Türkiyədəki qədər rəngarənglik görə bilmirik, lakin bunun əsaslı səbəbi var ki, o da Türkiyənin çoxillik inkişaf etmiş media qurumlarının say çoxluğu və köşə yazarlarının müxtəlifliyindədir. Bununla belə Azərbaycan mətbuatı operativ və hərtərəfli informasiya təminatı ilə yanaşı, maraqlı araşdırmalar, siyasi şərhlər, köşə yazıları da oxucuya təqdim olunmuşdu. "Kaspi", "Şərq", "525-ci qəzet", "Yeni Müsavat" və digər mətbu orqanlarda "15 iyul" Dağlıq Qarabağ problemi və 1999-cu ildə Ermənistan parlamentində terror hadisəsinin baş verməsi kimi hadisələrlə qarşılaşdırılıb. Bu prosesin Türkiyənin Dağlıq Qarabağ münaqişəsində iştirakını zəiflədəcəyi ehtimal edilib. "Yeni Müsavat" qəzetində çox maraqlı bir məqalə də var idi. Hadisədən sonra dünyada baş verən siyasi proseslərin "15 iyul" fonunda təhlili verilirdi və İranın "Tərh-i No" qəzetində fars ədəbiyyatının görkəmli nümayəndəsi Əbülqasim Firdovsinin "Şahnamə"sinin dili ilə türklərin aşağılanması məsələsi Türkiyədəki hərbi çevrilişə cəhdlə əlaqələndirildi. Ekspertlərin şərhinə görə, "Tərh-i No"dakı məqalənin kökündə duran məqsəd İranda, "15 iyul" vasitəsilə isə Türkiyədə əhalini ayağa qaldırmaqdır. Ölkəmizdə olayın birinci ildönümü də yüksək səviyyədə qeyd olunmuşdu. Bu il də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında anım mərasimi təşkil olunub. Azərbaycan və onun mediası qardaş ölkə kimi Türkiyənin yanında oldu və olayın işıqlandırılmasında maksimum iştirak etdi.

- İnformasiya texnologiyalarının inkişafı olayın qarşısının alınmasında böyük rol oynamışdı. Bununla bağlı nə deyə bilərsiz?

- XXI əsr, texnologiya dövrü, yeni kommunikasiya sistemlərinin önəmi bu hadisə vasitəsilə də özünü bir daha göstərdi. Dediyiniz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan FaceTime proqramı ilə xalqa üzünü tutdu və demokratiyalarını qorumaq üçün əhalini küçələrə səslədi. Saat 00:26-da CNN Türk-ün Ankara müxbiri Hande Fırat "azadlıq telefonu" adlandırdığı telefonu ilə proqramı açmış, prezidentlə əlaqə saxlamış, mikrofonu telefona yaxınlaşdıraraq ölkə başçısı ilə xalqın körpüsünü yaratmışdı. Həmçinin media orqanlarının çətin şəraitdə çalışdığı bir vaxtda internet vasitəsilə, Facebook Live kimi funksiyalarla canlı yayım aparılırdı.

- Kitabınızda qeyd etmisiniz ki, xalqı məlumatlandırmaq işi aparmış KİV-lə paralel auditoriyaya təsir etməyə çalışan media orqanları da var idi.

- Çevrilişə cəhd etmiş qrupların ilk ələ keçirdiyi qüvvələrdən biri media idi. Çünki məhz media vasitəsilə manipulyasiyanı, məqsədləri həyata keçirməyi sadələşdirmək olardı. Bu baxımdan TRT, CNN Türk, NTV kimi televiziya kanallarına basqınlar edilmiş, CNN Türk-ün canlı yayımının kəsilməsi, efirdə boş studiyanın görünməsi medianın gərgin vəziyyətindən xəbər vermişdi. Bu ərəfədə KİV-in manipulyasiya funksiyasını həyata keçirən kanallar da var idi, məsələn, Paralel Dövlət Qruplaşması olan PDY-nin təbliğatını aparmış "Can Erzincan" TV efirə hökumətin dövləti yoxuşa apardığını göstərmək istəmiş, videomateriallar yayımlamağa başlamış, lakin çevrilişin baş tutmayacağını hiss etdikcə informasiya siyasətini yumşaltmağa doğru yol almışdı.

Pərvanə Ağazadə

AzNews.az