Tofiq Yaqublunun işi Avropa Məhkəməsinə göndərilir

8 May 2013 11:42 (UTC+04:00)
"Tofiq Yaqubluya ünvanlanan sonuncu ittihamla bağlı istintaq hərəkətlərinin aparılıb-aparılmadığı ilə bağlı heç bir məlumatımız yoxdur. Çünki ikinci ittiham ünvanlanandan sonra işi aparan müstəntiq bizə heç bir məlumat verməyib".

Bu sözləri AzNews.az-a açıqlamasında Müsavat Partiyası sədrinin həbsdə olan müavini Tofiq Yaqublunun vəkili Rəşid Hacılı deyib. Vəkil bildirib ki, hazırda T. Yaqubluya həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı işi Avropa Məhkəməsinə göndərməklə bağlı yekun sənədləri hazırlayırlar və iş yaxın günlərdə AİHM-ə göndəriləcək:

Xatırladaq ki, İsmayıllı hadisələrinə görə fevralın 4-də həbs edilən T.Yaqublu və REAL Hərəkatının rəhbəri İlqar Məmmədov CM-in 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Aprelin sonunda T.Yaqublunun, mayın 1-də isə İlqar Məmmədovun ittiham olunduqları maddələr daha da ağırlaşdırılıb.

İ.Məmmədova qarşı CM-in 233.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddəsi üzrə irəli sürülən ittihama xitam verilib, əvəzində 220.1-ci (zorakılıqların, talanların yanğınların törədilməsi əmlakın məhv edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə ittiham elan olunub.

Qeyd edək ki, İsmayıllı hadisələrinə görə tutulan şəxslərdən Anar Həsənov, Səftər Ağamalıyev və Tofiq Yaqubluya da həmin maddə ilə əlavə ittiham elan olunub. Müsavat Partiyası başqanının müavini T.Yaqublu və REAL hərəkatının sədri İ.Məmmədov saxlanılan zaman onlara qarşı CM-in 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.

Anar
AzNews.az