Sosial Tədqiqatlar Mərkəzi işini vətəndaşların rəyi əsasında qurur

16 İyul 2019 13:09 (UTC+04:00)

Sosial Tədqiqatlar Mərkəzi (STM) Prezidentin fərmanı ilə yaradıldığı vaxtdan (2019-cu il, 08 fevral) müvafiq inzibati-təşkilati, struktur məsələlərinin həll edilməsi istiqamətində işlərin görülməsinə başlayıb.

Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, bu ilin aprel ayının 12-də Mərkəzin fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən Nizamnamə ölkə başçısı tərəfindən təsdiq edilib.

Mərkəzin fəaliyyətini təmin edən inzibati prosedurların müəyyən edilməsi, təşkilati məsələlərin, zəruri strukturun, müvafiq tədqiqat şöbələrinin yaradılması, həmçinin, ən başlıcası- peşəkar kadr korpusunun formalaşdırılması kimi zaman tutumlu məsələlər demək olar ki, əhəmiyyətli dərəcədə həll edilib.

Ötən müddətdə STM-in həyata keçirdiyi fəaliyyət sırasında-ölkə miqyasında sosial tədqiqatların və ictimai rəylə bağlı aparılan işin, mövcud struktur və institutların ümumi mənzərəsi təhlil edilib, bu sahədə əlaqələndirmə və sıx koordinasiyaya olan ehtiyacın aradan qaldırılması yönündə tədbirlər sisteminin hazırlanmasına başlanıb. Ölkədə sosial-iqtisadi, siyasi və s. proseslərin dinamikası haqda mötəbər məlumat data bazasının yaradılması qarşıdakı vacib vəzifələrdən hesab edilir.

Qeyd edilən məsələlərlə yanaşı, xüsusilə vurğulanmalıdır ki, prezidentin fərmanı ilə yaradıldığı vaxtdan Mərkəzdə aktual problemlərə həsr edilən təklif və tövsiyələri əks etdirən elmi təhlillərin hazırlanması üzərində mütəmadi iş aparılır. Cəmiyyətdəki sosial proseslər və dinamika ilə bağlı təhlillər rəhbər və qərar qəbul edən şəxslərə, müvafiq dövlət qurumlarına, idarəetmə orqanlarına yönəldilir.

Həmçinin, Mərkəz 2019-cu ilin ikinci yarımilliyi üçün Nizamnamə ilə müəyyən edilən vəzifələri həyata keçirmək üçün ən aktual sosial məsələlərin elmi tədqiqat konsepsiyasını-fəaliyyət planını hazırlayıb.

Mərkəzin sözügedən elmi-fəaliyyət planında ümumdövlət və ictimai əhəmiyyətli sosial məsələlərin təhlili nəzərdə tutulub. Onların sırasında ictimai-siyasi proseslərin mütəmadi təhlili ilə yanaşı, məmur-vətəndaş münasibətlərinin vəziyyəti və təkmilləşməsi yolları, sosial təbəqələşmə, regionlarda sosial proseslər, gənclərin və digər həssas qrupların sosial problemləri, özünüməşğulluq məsələsinin monitorinqi və səmərəliliyi, əhalinin gəlirləri arasında fərqlər, ailə institutunun və mənəvi dəyərlərin sosial aspektləri, cəmiyyətdə dialoq mühitinin formalaşdırılması yolları, yaşlı vətəndaşlara qayğı təminatının qanunvericilik bazasının təhlili, paytaxt şəhərdə urbanistika və aqlomerasiyanın formalaşmasının sosial amilləri, sosial gərginlik meyillərinin səbəbləri və xüsusiyyətləri, informasiya texnologiyaları və sosial proseslər, süni intellekt fenomeninin sosial aspektləri, cəmiyyətə təsirinin nəticələri, və s. tədqiqatlar qeyd edilə bilər.

STM o cümlədən, ictimai rəyin öyrənilməsi ilə bağlı 6 sosioloji tədqiqat və rəy sorğusunun keçirilməsini başa çatdıraraq onların üzərində son hesabat və tamamalama tədbirlərini həyata keçirir. Onlardan müxtəlif sosial təbəqələrin islahatlar prosesinə, dövlət başçısının sosial siyasətlə bağlı irimiqyaslı sərəncamlarına münasibəti və gözləntiləri, təhsilin sosioloji məsələləri və son tələbə qəbulunun iki mərhələli modelinə müxtəlif hədəf qruplarının münasibəti, sosial inkişaf və rifahın göstəriciləri, Azərbaycanda daxili miqrasiya proseslərinin xüsusiyyətləri ilə bağlı araşdırmalar Mərkəz tərəfindən geniş ictimaiyyətə təqdim olunacaqdır.

Mərkəz beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti əsas məramlarından biri kimi dəyərləndirərək bir çox nüfuzlu beyin mərkəzləri və tanınmış tədqiqat cəmiyyətləri ilə tərəfdaşlıq əlaqələri yaratmağa nail olub.

STM-də dövri elmi jurnalın nəşri ilə bağlı işlər görülür, rəsmi qeydiyyat prosedurları başa çatmaq üzrədir.

Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılıb. Prezident İlham Əliyev millət vəkili Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Mərkəzin təsis edilməsində məqsəd Azərbaycan Respublikasında ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil etmək, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirməkdir. Eyni zamanda dəyişiklikləri proqnozlaşdırmaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırmaq da bu məqsədlər sırasındadır. Eyni zamanda müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin etmək də bu hədəflər arasında yer alır.(report.az)

AzNews.az