Bərdədə saxta pendir sexi aşkarlandı - Rəsmi

17 İyul 2019 17:50 (UTC+04:00)

Qida Təhlükəsizliyi Agentliyi Bərdə şəhərində antisanitar şəraitdə pendir istehsal edən sex aşkarlayıb.

AzNews.az xəbər verir ki, bu barədə sözü gedən qurum məlumat yayıb. Qurumdan bildirilən məlumata görə, agentlik Bərdə rayonu Mollalı kəndində antisanitar şəraitdə pendir istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan məlumat əsasında qeyd olunan ərazidə agentliyin əməkdaşları tərəfindən monitorinq aparılıb.

Monitorinq zamanı şikayət öz təsdiqini tapıb. Məlum olub ki, qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmir.

Sexdə pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə bitki yağlarından, habelə məhsula yüksək yağlılıq əmtəə görünüşü vermək məqsədilə beta karotin rəngləyici qida boyasından istifadə edildiyi aşkar olunub.

Məhsullardan nümunələr götürülərək ekspertizadan keçirilməsi məqsədi ilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

Bahar

AzNews.az