Çıraqqala abidəsində bərpa işlərinə başlanıldı - FOTO

18 İyul 2019 11:19 (UTC+04:00)

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Nazirlik qeyd edib ki, bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün 2 milyon manat ayrılıb. Ötən müddət ərzində bərpa-konservasiya işlərinin aparılması üçün zəruri tədbirlər həyata keçirilib, layihə-smeta sənədləri hazırlanıb:

“İyul ayının əvvəlindən isə bərpa işlərinə start verilib. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formada olub. İndi həmin bürclərin ancaq üçü salamat qalıb. Ümumilikdə isə qalanın izləri məlum olan 8 bürcündə bərpa-konservasiya işləri həyata keçiriləcək. Görüləcək işlər zamanı bürclərarası qala divarları da bərpa-konservasiya olunacaq, ərazidə arxeoloji tədqiqatlar da aparılacaq. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən qalaya qalxacaq piyadalar üçün yol, eləcə də qala divarları boyu yol salınacaq”.

Nazirlik Cıraqqalanın bərpası üzrə işlərin bir il ərzində yekunlaşdırılmasını vurğulayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az