Məhkəmə Hollivud ulduzuna haqq qazandırdı - VİDEO

18 İyul 2019 17:23 (UTC+04:00)

Bu qərar Nantaketdə (Massaçusets) məhkəmə iclasında qəbul olunub. Məhkəmə prosesinin pərdəarxası məqamlarını CBS telekanalı yayımlayıb.

Məlumata əsasən, aktyora qarşı irəli sürülən iddialar sübuta yetirilmədiyinə görə ittiham geri götürülüb.

Amerikalı aktyorucinsi təcavüzdə ittiham edən şəxs ifadəsində bildirib ki, insidentin detalları mobil telefonunda qeydə alınıb. Lakin araşdırmalar nəticəsində həmin mobil telefon tapılmayıb və bu səbəbdən K.Speysiyə qarşı ittiham aradan qaldırılıb.

Bundan öncə iddiaçı tərəf K.Speysinin vəkillərinə mobil telefonda olan məlumatları təqdim edəcəyini bildirsə də, aktyorun müdafiəçiləri telefonu şəxsən araşdırmaq istədiklərini bəyan ediblər.

Zərərçəkmiş şəxs əvvəllər məhkəmədə ifadəsi zamanı demişdi ki, onun smartfonundan heç bir material silinməyib. İttihamçı sonradan ABŞ Konstitusiyasına beşinci düzəlişdən faydalanaraq, vətəndaşların özlərinə qarşı ifadə verməmək hüququndan istifadə edib.

Qeyd edək ki, 2018-ci ildə Boston televiziyasının keçmiş aparıcısı Heter Unru mətbuat konfransında K.Speysiyə qarşı ittiham irəli sürüb. O iddia edib ki, 2016-cı ilin iyul ayında Nantaket barlarının birində aktyor onun oğluna qarşı cinsi təcavüz edib. Qadının sözlərinə görə, aktyor oğluna qarşı seksual xarakterli hərəkətlər etməzdən öncə ona alkoqollu içki verib.

Xatırladaq ki, 59 yaşlı amerikalı aktyor və rejissor K.Speysi səhnə fəaliyyəti boyunca iki dəfə Oskar mükafatına layiq görülüb. O, “Kartdan ev” serialında canlandırdığı rolla tanınır.

Aktyorun adı seks qalmaqallarında 2017-ci ildə də hallanıb. Belə ki, Entoni Repp həmkarı Kevini 30 il öncə ona qarşı edilən cinsi təcavüzdə ittiham edib.

Sonradan CNN televiziyası bildirib ki, ulduz “Kartdan ev” serialının çəkiliş heyətindəki doqquz həmkarı daxil olmaqla, azı 15 nəfərə qarşı cinsi təcavüzdə günahlandırılır.(oxu.az)