Zakir Həsənov Ukraynanın yeni səfiri ilə görüşdü

18 İyul 2019 17:47 (UTC+04:00)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyulun 18-də Ukraynanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan ilə Ukrayna arasında hərbi əməkdaşlığın həm ikitərəfli formatda, həm də NATO-nun müxtəlif proqramları çərçivəsində həyata keçirildiyini qeyd edən Müdafiə naziri bu əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Ukrayna əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

AzNews.az