"Mənim uşaqlarımı heç görmüsünüz ki, şəhərdə özlərini pis aparsınlar?"

19 İyul 2019 10:06 (UTC+04:00)

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Yeni Müsavat”a geniş müsahibə verib. Olduqca maraqlı məqamlarla zəngin olan müsahibənin ikinci bölümünü təqdim edirik. Hadi müəllim bu yerdə Xəzərin hasarlanması, çimərliklərin zəbt olunması ilə bağlı sualları cavablandırır...

(Əvvəli burada)

- Şəxsən sizin konkret təklifiniz varmı?

- Gəlin onda çimərlikləri bələdiyyələrə verək. Yəni kimsə ona baxsın. Mən də razıyam, çimərliyə hasar çəkmək olmaz, gəlin çimərliyə hasar çəkənin əlini kəsək. Amma bəs, çimərliklərə kim baxsın? Çətir, ya uzanmaq üçün yer yoxdur. Qumun üstündə siqaret, daş, dənizdən çıxan kötük, şüşə qırıntıları, orda çimmək olar? Yəni bunun haqqında düşünmək lazımdır. Başsız, yiyəsiz necə olar? Onda meşəni də buraxaq xalqın ixtiyarına, kim istəyir getsin, ağacları doğrayıb aparsın? Çimərliklərdə şərait yaradanlar orda əl-üz yuyan, tualet qoyub, duş qoyub. Bunları niyə qiymətləndirmirlər? İstəmirsənsə, onda get, mamırın içində, ağac kötüyünün üzərində çim, siqaret kötükləri ilə dolu qumda uzan! Elə bilirsən Lənkəranda Xəzərin hər tərəfində çimmək olur? Bir yerdə daş, digərində qamış, palçıq var. Gərək biz bu məsələdə də hissə qapılmayaq.

- Son vaxtlar AzTV-də parlamentin fəaliyyətini işıqlandıran xüsusi veriliş yayımlanır. Bəzən deputatlar telekanallardan gileylənirlər. Sizin münasibətiniz necədir?

- Parlamentin fəaliyyəti ilə bağlı televiziyada “Parlament səhifəsi” yaradılıb. Mən bunu belə görmək istəməzdim. Əgər feysbuk səhifələri üzərindən deputatlar haqda bu qədər mənfi fikirlər yayılırsa, onları haqq-nahaq təhqir edirlərsə, gəlin efirdə onların da tərcümeyi-halından danışaq da! Mən gəldim çıxış etdim, qanunlardan danışdım, hə, nə olsun? Yenə də həmin fikirlər yazılacaq. Sən gəl mənim tərcümeyi-halımdan başla. 119 deputatın hərəsi haqqında 10 dəqiqəlik məlumat ver. Məsələn, mən istərdim elə sizin “Yeni Müsavat” qəzeti nümunə göstərsin. Göstərsin ki, filan deputat kimdir...

- Əksər deputatlar özləri açıq olmağa maraqlı deyillər. Biz məmnuniyyətlə onları efirimizə dəvət edirik. Elə sizi də redaksiyamızda görmək istərdik.

- Yox, mən istəmirəm. Yenə başlayacaq söyüş, təhqir... Mən qəzetinizdə öz sözümü deyirəm.

- Hadi müəllim, Rəqabət Məcəlləsinin qəbuluna kimlər və nələr mane olur?

- Vallah, bilmirəm nə məsələdir... Amma bu dəqiqə sahibkarlığın, bazar iqtisadiyyatının qanunlarının üç başlıca faktoru var: birincisi, əmlakın toxunulmazlığı; ikincisi; antimonopol siyasət; üçüncüsü, əlbəttə, pul-kredit bazarında sərbəstlik, aşkarlıq, güzəşt, həvəsləndirmə elementləri olmalıdır. Ola bilər ki, sahibkara faizsiz kredit verərsən, getsin əksin, becərsin. Beləliklə, bu 3 faktor çox vacibdir. Əmlakın toxunulmazlığı odur ki, icra başçılarına deyirik sənin bununla işin olmasın! Antimonopoliya odur ki, bir dənə varsa, digəri də açılsın, rəqabət yaransın və nəyəsə nail olaq.

- Görünür, rəqabətin yaranmasını istəməyən monopolistlər imkan vermir qanunun da qəbuluna, elə deyilmi?

- Mən düşünürəm ki, möhtərəm prezidentimizin burada da çox kəskin addımları gözlənilir. Prezidentimiz bazar qanunlarına əməl olunmasını istəyir. Gömrüklə vergidə olan prosesləri gördünüz. Çoxları heç buna inanmırdı. Düşünürdülər ki, gömrükdə necə dəyişiklik etmək olar? Buyurun, görürsünüz, alındı. Düşünürəm ki, digər sahələrdə də zaman-zaman addımlar atılacaq və biz burda da nəsə görəcəyik.

- Bu günlərdə Ümumdünya Əhali Günü ilə bağlı siz rayonlarda bir sıra silsilə tədbirlər keçirdiniz.

- Əhalinin artımı bizə nə deyir? Artan əhaliyə biz yemək, iş verməli, onun üçün şərait yaratmalıyıq. Təsəvvür edin, bizdə 2014-cü ildən 2018-ci ilədək əmək qabiliyyətli vətəndaşların, iqtisadi əmək qabiliyyətli adamların sayı 300 min nəfər artıb.

- Belə olan halda maaş, təqaüd artımı ilə yanaşı, yeni iş yerlərinin, istehsal sahələrinin yaradılması da zərurətə çevrilir...

- Mütləq! Biz təbii artımdan danışırıq. Amma digər qol da var. Bu gün sahibkar əmək məhsuldarlığının yüksəlməsini, az xərclə daha çox məhsul əldə etmək, az məsrəflə daha çox qazanc götürmək, az işçi ilə daha çox məhsul ortaya qoymaq istəyir. Sahibkarın məqsədi odur ki, daha az adamı işlətsin, daha az adama maaş versin, malın maya dəyəri artmasın. Deməli, iki, bir-birinə daban-dabana zidd proseslər gedir: biri dövlət, biz, QHT-lər, bələdiyyələr, vətəndaşlar istəyir iş yeri yaransın, digər tərəfdən azad iqtisadiyyat deyir işçilərin sayı azalsın, əmək məhsuldarlığı yüksəlsin, proseslər avtomatlaşsın, mexanikləşsin. Məsələn, pambığı əllə yox, maşınla yığırlar. Həmçinin pambığın əkilməsi, suvarılması, ona gübrə verilməsi belə mexanikləşib. Deməli, daha az işçi qüvvəsi tələb olunur.

- Azərbaycan əhalisi dünya əhalisi içərisində həyat şəraitinə görə hansı pillədə dayanır? Bu gün dünyada həyat şəraiti aşağı olan, aclıqdan əziyyət çəkənlər də var...

- Biz onların heç birisi ilə müqayisə oluna bilmərik. Mən istəmirəm Amerika ilə müqayisə edim. Azərbaycan əhalisinin durumu ABŞ-ın çoxlu ştatları var e, onların bəzilərindən...Reallıq budur ki, o ştatların əhalisi qənaətlə yaşayır. Onlar işığa, ərzağa qənaət edir, pullarını səmərəli xərcləyirlər. Əlbəttə, mən də istərdim ki, Azərbaycanın əhalisinin sosial durumu daha yüksək olsun, kasıblıq bir az da azalsın, kəndlərdə iş yerləri çoxalsın, əməkhaqqında yüksək artım olsun. Amma bizim ölkəmizdə gedən proseslərə bax: ölkəmiz müharibə vəziyyətində olmağına baxmayaraq, adamlarımız belə də fəlakətli vəziyyətdə yaşamırlar, küçələr dilənçilərlə dolmayıb. Mən nə deyirəm? İşləmək istəyən, pul qazanmaq istəyən adama yer, şərait var, evinə çörək apara bilir. Bəlkə belə deyil? Bəlkə də pis səslənir. Amerikada, Yaponiyada əməkhaqqının böyük hissəsi xidmət sahəsindən gəlir. Xidmət sahəsində çalışanlar məşğulluğun böyük hissəsini tuturlar. Bizdə də bu var, səsə salmırıq, demirik. Bağda qarovulçular var, ailələrdə xüsusi sürücülər var, evlərdə dayələr, qulluqçular var. Bu qrup insanlar var. Pul qazanmaq ayıb deyil, heç bir vaxt ayıb olmayıb. Məhəmməd Peyğəmbər də buna ayıb deməyib, Quranda da ayıb sayılmayıb. İşləyib pul qazanır, evə bir tikə çörək aparırsa, bunun nəyi ayıbdır?

- Yeri gəlmişkən, bildiyimizə görə, siz də lap uşaqlıqdan çalışmısınız, vaxtilə çörək zavodunda fəhlə işləmisiniz. Hətta barənizdə çəkilən filmdə də bundan bəhs edən səhnə var. Bəlkə özünüzdən nümunə çəkəsiniz...

46be422d-7ff8-40fa-a8a6-eade9f96ae0c.jpg (77 KB)

- Sizə maraqlıdırsa, danışım. İndi yoldaşım hərdən yarızarafatla söyləyəcəklərimi evdə xatırladır...Mənim 12 yaşım var idi, yay tətilində qonşu uşaqları ilə birgə tərəvəz yeşiyi mıxlayardım. O vaxt Lənkəranda pomidor qutularını hazırlayardıq, məhsulları Rusiyaya aparardılar. Mənimlə Hüseynbala (Mirələmov-E.P.) yeşik mıxlayardıq. Hüseynbala müəllimlə məhəllə uşağıyıq, bir sinifdə oxumuşuq. İndiki həyat yoldaşımın xalası biz işlədiyimiz həyətdə yaşayardı. Bu məktəbli qız Bakıdan xalasıgilə qonaq gələrdi. Bizim yeşik mıxladığımız yerdən keçəndə mənim gözüm elə onda olardı (gülür). Arıq, qıvrımsaç qız idi. Elə gözüm onda qalardı, diqqətsizlikdən çaşıb çəkici düz barmağıma necə zərblə vururdumsa, ağrıdan iniltimi belə gizlədə bilmirdim. Qız duruxub baxır və gülümsəyib keçirdi. Bir-iki dəfə belə oldu, axırı qız gəldi ki, “ay oğlan sən öldün axı...”(gülür).

- Ondan sonra ailə qurmağa razılıq verdi?

5566b6a7-38d6-4486-b613-0def046ecd87.jpg (90 KB)

- Razılığı 22 yaşında verdi. Sözü nəyə gətirirəm? Biz belə həyat yolundan keçmişik də. Mən çörək zavodunda 70 kiloluq kisə daşıyanda 61 kilo çəkim var idi. Yük vaqonu boşaldardıq, orada 840 kisə olardı. Sonda heyim çəkiləndə kisənin altında qalırdım. O gün hörmətli Şeyximiz gəlmişdi, söhbət elədi ki, Lənkərandakı məscidi o vaxtlar Hadi müəllimə bərpa elətdirdim. O dövrdə məscidin adını tutmaq olmazdı, onu “kitab evi” kimi bərpa elədim. Niyə bərpa elədim? O məscid binası vaxtı ikən mənim çalışdığım çörək zavodu idi. 15 yaşımda mən ora fəhlə getmişdim. Sonra təzə zavod tikildi, ordan anbar kimi istifadə etdilər. Orda Ağasaleh adlı kişi var idi, qonşuyduq, məni at arabası ilə, işə evə aparıb-gətirərdi. Taleyin qismətinə bax.

32 yaşımda oldum Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri. Ağasaleh kişi mənim yanıma gəldi. Dedi şəhərin bütün Böyük Bazar camaatı yığılmışdı ki, indi Hadı müəllim bu vəzifəni tutub, vaxtı ikən sənin əlinin altında işləyən uşaq olub, get hamımızın sözünü de, bu məscidi bərpa eləsin. O vaxt İsa Məmmədov 1-ci katib idi, dedi mən bu işə qarışmıram, sən “xatalı” işlərlə məşğulsan. Dedim işiniz olmasın, bir yol tapacağam. Mədəniyyət Nazirliyində restavrasiya idarəsi var idi, çalışıb o qurumun şöbəsini Lənkəranda açdırdım. Birinci o vaxtlar icraiyyə komitəsi yerləşən Lənkəran Xan Sarayının damını bərpa etdirdim, mən orda otururdum. Sovet vaxtı onun damına günbəz qoymurdular ki, dinin simvoludur. Sonra məscidi plana saldırdım, onu bərpa etdirdim, həmçinin minarə bərpa olundu. Onu kitab evi kimi açdım. Sonra zaman dəyişdi. Bu dəqiqə həmin məscid fəaliyyət göstərir. Hər gedəndə camaat mənə dua-sana edir.

Söhbət hardan-haraya gəldi. Demək istəyirəm ki, fəhlə işləmək ayıb olmamalıdır. Kəblə Yunusun nəvəsi - mənim babam çox varlı tacir olub - əməkdar müəllimə Bəylərova Firuzənin oğlu, atamın atası Məşədi Əlinin nəvəsi kisə daşıdı, bunu özünə və ailəsinə ayıb bilmədi. Təsəvvür elə, kisə daşıdığım anbara məni 20 yaşımda müvəqqəti müdir qoydular. Üç aylıq məzuniyyətə gedən anbardar da 86 yaşında kişiydi, Allahı tanıyan, Quranı bilən adam idi, anbarı mənə təhvil verəndə heç nə əskik çıxmadı, burada hər şey hesabatlardakı rəqəmlərdən xeyli artıq idi. Ordakı fəhlələrlə üç ay yedik-içdik, kef elədik. (gülür). Mən onlarla bir yerdə fəhlə işləmişdim, sonra anbardar oldum, təbii ki, yoldaşlıq edirdim, birgə yemək yeyirdik. Bütün bunların mahiyyətində zəhmət dayanır.

-İndi sizə milyonçu demək olar?

Hadi Recebli.jpeg (110 KB)

- 4 balam mənim milyardımdır, mənə milyarder deyin. 10 nəvəm var, hamısı savadlı uşaqlardır, Azərbaycan, rus dillərini təmiz bilirlər, ingilis dilində danışırlar. Nəvəm Hadi Rəcəbli də 16 yaşında orta məktəbi bitirdi, o da idmançıdır və əlaçıdır. Mənim milyardım onlardır. Siz tanıyan Hadi müəllim kasıb, əlsiz-ayaqsız adam deyil, bir tikə çörəyim, mənzilim, bağ evim var, bunlar normal adam üçün xarakterik məsələlərdir. Cavanlığımdan hökumət maşınım olub. Mənim uşaqlarımı heç görmüsünüz ki, şəhərdə özlərini pis aparsınlar? Yaxud eşitmisiniz? Məni bahalı kostyumda, həddini aşan geyimdə görmüsən? Yenə də söhbəti ona gətirirəm ki, halallıqla yaşamaq, əndazədə dolanmaq və geyinib qidalanmaq, zəhmətlə ucalmaq ayıb deyil.

8c8dcefd-9dc8-4d48-a4b3-7b8fc32f684f.jpg (55 KB)

Götürüb ağzına gələni yazırlar. Mənim qızlarımın, oğlanlarımın 40-50 yaşları var, nə istəyirsən məndən? Övladlarım hərəkət eləməsinlər? Savadlıdırlar, ağıllıdırlar, zirəkdirlər. İnan, kiçik oğluma təəccüb edirəm ki, bu qədər enerjini hardan tapır, ailəsi ona necə dözür? Gecə-gündüz çalışır. Dostlara da vaxt tapır, xeyir-şərə də. Belə uşaqlar böyütmüşük. Zəhmətlə... zəhmətkeş...

- Yay tətilində harda dincələcəksiniz?

- Mən həmişə Lənkəranda dincəlirəm. Çox razı da qalıram istirahətimdən. Dəniz də var, göl də, çay da, meşə də. Mən dünyanı gəzmişəm, görmüşəm. Bəlkə də yaşım belə tələb edir. İndi adam tərəvəzi sahədən, meyvəni ağacdan özü dərmək, südü inəyin döşündən sağandan sonra içmək istəyir... (Musavat.com)