"Zelenski hərbi münaqişəyə son qoymağa hazırdır"

19 İyul 2019 11:13 (UTC+04:00)

“Ukrayna prezidenti Vladimir Zelenski ölkənin cənub-şərqində hərbi münaqişəyə son qoymağa hazırdır və bu məqsədə nail olmaq üçün praktiki addımlar atır”.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bunları Zelenskinin siyasi məsələlər üzrə müşaviri, prezidentin mənsub olduğu siyasi blokun rəhbəri Dmitri Razumkov “1+1” TV-nin efirində çıxışı zamanı deyib.

O bildirib ki, müharibənin sona çatması parlament seçkilərinə gedən istənilən siyasi qüvvənin əsas məqsədidir.

“Əminəm ki, strategiyamız və prezidentin mövqeyi bizə müharibəni dayandırmağa və bundan sonra tamamilə bitirməyə imkan verəcək”.

Razumkov Minsk prosesində iştirak edən Ukrayna nümayəndə heyətinin gücləndiyini, bu yaxınlarda iyulun 12-də Parisdə prezidentin köməkçiləri səviyyəsində "Normand dördlüyü"nün (Fransa, Almaniya, Rusiya və Ukrayna) görüşünü və Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını da qeyd edib.

O, həmçinin müxalifətçi Viktor Medvedçukun Strasburqa səfərini tənqid edib:

"Prezident Medvedçukun Strasburqdakı diplomatiyasına razılıq verməyib”.

Pərvanə Ağazadə

AzNews.az