"Vişinskini Sentsovla dəyişməyə hazırıq"

19 İyul 2019 13:10 (UTC+04:00)

“Ukrayna “RİA Novosti Ukrayna”nın baş redaktoru Kirill Vişinskini Rusiya məhkəməsinin Krımda terrorizmə görə həbs etdiyi Oleq Sentsovla dəyişdirməyə hazırdır”.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski dünən keçirilən brifinqdə deyib.

"Biz bunun yaxın vaxtlarda baş verməyini çox istəyirik. Sentsov bir seçimdir, Vişinskini Sentsovla mübadilə etməyə hazırıq", - deyə Ukrayna lideri bildirib.

Zelenski Sentsovun “kozır” olmadığı vurğulayıb.

O, bütün siyasi məhbusları, əsgərləri qaytarmaq istədiklərini və Vişinskini azad etməyin bu yolda ilk addım ola biləcəyini qeyd edib.

Kremlin mətbuat katibi Dmitri Peskov da jurnalistlərə açıqlamasında bildirib ki, Kirill Vişinskinin Rusiyaya qaytarılması Moskva ilə Kiyev arasında münasibətlərin normallaşmasına xidmət edə bilər.

Xatırladaq ki, Oleq Sentsov rusların Krımı işğal etməsinə etiraz etdiyi üçün 2014-cü ilin may ayının 10-da terrorda təqsirli bilinərək həbs edilib. 2015-ci ildə o, Şimali Qafqaz hərbi dairə məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum olub.

Ukraynanın Təhlükəsizlik Xidməti “RİA Novosti Ukrayna”nın baş redaktoru Vişinskini 15 May 2018-ci ildə saxlayıb. O, dövlətə xəyanətdə və qanunsuz silah dövriyyəsində ittiham olunub. Mayın 17-də Xerson şəhər məhkəməsi onu 2 ay müddətinə həbs edib, daha sonra həbs müddəti bir neçə dəfə uzadılıb. Növbəti iclas iyulun 19-na təyin edilib. Təqsirli bilinəcəyi halda onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Vişinskinin həbs müddəti iyulun 22-də başa çatır. Hakimlər həmin tarixdən əvvəl qərar qəbul etməlidirlər, əks halda jurnalist azad ediləcək.

Pərvanə Ağazadə

AzNews.az