Yaponiya parlamentində qadınların sayı arta bilər

19 İyul 2019 17:10 (UTC+04:00)

Dünyada qadınların ən az təmsil olunduğu Yaponiya parlamentində vəziyyət kəskin şəkildə dəyişə bilər. Bu ölkənin tarixində ilk dəfə olaraq, parlamentin hər iki palatasına namizədlərin 28 faizi qadınlardan ibarətdir.

CNN telekanalının saytı xəbər verir ki, zərif cinsin nümayəndələri bazar günü keçiriləcək yapon parlamentinin (Kokkay) üç ildə bir keçirilən və hər seçkilərdə 3 yer əlavə olunan Məşvərətçilər Palatasında yerlərin əhəmiyyətli hissəsinə sahib olmaq imkanına malikdirlər. Belə ki, seçkilərdə iştirak edəcək 370 namizəddən 104-ü (30 faizi) qadınlardır.

NHK telekanalının xəbərinə görə, qadın namizədlərin sayında kəskin artım gender bərabərliyi ilə bağlı aparılan siyasətin nəticəsidir. Belə ki, Liberal Demokrat Partiyasında (LDP) zərif cinsin nümayəndələri kifayət qədər çoxluq təşkil edirlər. Konstitusiyalı Demokrat Partiyası və Yapon Kommunist Partiyasında da qadın siyasətçilər var. Hakim LDP bu sahədə liderlik edir, lakin sonuncu iki partiyada namizədlərin cəmi 14,6 faizi qadınlardan ibarətdir.

Ekspertlər bildirirlər ki, parlamentin yuxarı palatasında deputatların 21 faizi, aşağı palatasında isə 10 faizi qadınlardan ibarət ola bilər. Yaponiya hökuməti nəzdində Gender Bərabərliyi Bürosunun bölmə rəhbəri Fujie Masahiro bildirib ki, qadınlar ölkədə siyasətin yalnız kişilərin işi olması barədə stereotiplərə son qoymalıdırlar. O əlavə edib ki, zərif cinsin aktiv siyasətlə məşğul olmasının qarşısındakı ən böyük əngəl onların ailələridir.(AZƏRTAC)

AzNews.az