Şöbə rəisi: “Yanacağın plastik kanistrlərə doldurulması təhlükəlidir”

19 İyul 2019 19:21 (UTC+04:00)

Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev deyib. E. Babayev təhlükələri aşağıdakı kimi sadalayıb:

Statik cərəyan - izafi statik cərəyanın yığılmasından benzin və ya dizel yanacağının alışmasına gətirib çıxaracaq qığılcımın əmələ gəlməsi. Xüsusən də bu materiallardan hazırlanmış qabların müxtəlif parçalarla təması və sürtülməsi zamanı risk artır. Respublikamızda bu səbəbdən çox nadir sayda yanğın hadisəsi baş versə də, bu hal bizi real risklərdən sığortalamır.

İzafi təzyiq - benzin və digər yanacaq növləri uçarlığı ilə səciyyələnir. Ona görə də qızdırıldığı zaman buxarlanmaya başlayır və plastik qabın divarlarında gərginliyin yaradılmasına səbəb olur. YDM-də avtomobil sahibləri tərəfindən yanacağın doldurulması üçün istifadə etmək istədikləri plastik həcmlərin böyük hissəsinin bu məqsədlər üçün nəzərdə tutulmadığını nəzərə alsaq, yanacağın qabdan axması mümkünlüyü hədsiz çoxdur.

Yanacağın kimyəvi aqressivliyi - danılmaz faktdır ki, neft məhsulları bu məqsədlər üçün xüsusiləşdirilməmiş plastik məmulatların strukturunu asan dağıdır.

Qeyd edilənləri nəzərə alaraq, əgər yanacağın alışmasına kiçik bir risk varsa, yalnız benzin və ya digər yanacaqlar üçün hazırlanmış və bu barədə müvafiq sənədlərlə təsdiqlənmiş kanistrlərdən istifadə olunması tövsiyə olunur”. (APA)