“20 ildən çoxdur seçki prosesində iştirak edirik“

8 May 2013 16:29 (UTC+04:00)
Müsavat Partiyası builki prezident seçkisi ilə bağlı ötən aydan Mərkəzi Seçki Qərargahı yaradıb. Qərargahın sədri, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı mayın 8-də "Media forum" saytına bildirib ki, artıq müəyyən işlər görülüb, təkcə paytaxtda deyil, regionlarda da seçki işini təşkil edəcək şəxslər, demək olar, tam müəyyənləşdirilib: "Yaxın vaxtda seçki dairələri və məntəqələri üzrə qərargahların yaradılması prosesinə başlayacağıq. Çalışırıq ki, hər seçki dairəsinin, hər məntəqənin əhatə etdiyi ərazidə Müsavat üzvlərindən və təəssübkeşlərindən ibarət özəklər yaradılsın".

Arif Hacılı deyib ki, Mərkəzi Seçki Qərargahına təcrübəli seçki mütəxəssisləri daxildir: "Müsavat kifayət qədər seçki təcrübəsi olan insanları öz sıralarında birləşdirmiş bir partiyadır. Biz 20 ildən çoxdur seçki prosesində bu və ya digər formada iştirak edirik. Mərkəzi Seçki Qərargahı sırf təşkilati-texniki işlərlə məşğul olacaq. Seçki strategiyası ilə bağlı qərarlar isə Mərkəzi Seçki Qərargahının tərkibində yaradılacaq Seçki Strategiya Mərkəzində qəbul ediləcək. Strategiya mərkəzində Müsavat Partiyası rəhbərliyinə daxil olan şəxslər, seçkilərdə partiyamızın başqanı İsa Qəmbərin namizədliyini müdafiə edən siyasi partiyaların rəhbərləri, başqa nüfuzlu şəxslər təmsil olunacaq. Mütəxəssislər bu mərkəzin işində iştirak edəcəklər. Seçki Strategiya Mərkəzində əsasən seçki platforması, seçki strategiyası, seçicilərə veriləcək mesajlarla bağlı məsələlər, bütövlükdə seçki kampaniyasının təşkili strategiyasına uyğun planlar müəyyənləşdiriləcək.

Seçki Strategiya Mərkəzi yaxın zamanda yaradılacaq. Artıq seçkiyə az qalıb, biz seçkinin ümumi strategiyasını müəyyənləşdirməliyik. Çalışacağıq ki, bu həftə Azərbaycan cəmiyyətinə seçkilərlə bağlı müzakirə üçün yeni bir məsələ təqdim edək. İşimizi elə quracağıq ki, cəmiyyətin diqqəti maksimum dərəcədə prezident seçkisinə yönəlsin".

AzNews.az