Pyer Rişar Yessentuki kinofestivalının fəxri qonağı olacaq

20 İyul 2019 12:33 (UTC+04:00)

Fransız aktyoru Pyer Rişar Yessentukidə “Xrustalnıy İstoçnik” populyar kino janrları festivalının açılışı mərasimində fəxri qonaq qismində iştirak edəcək.

Bu barədə məlumatı TASS agentliyinə festivalın mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, Yessentukinin mərkəzində, Ulduzlar xiyabanında aktyorun adlı ulduzunun açılışı olacaq.

Kinofestivala dəvət olunanlar arasında Tamara Qverdtsiteli, İvar Kalnınş, Aleksandr Baluyev, Alla Surikova, Larisa Quzeyeva və başqaları var.

Festivalın əsas müsabiqəsi üçün “Keyptaun limanında”, “Sonuncu sınaq”, “Bu, əbədi deyil”, “Əziz ata” və s. kimi filmlər seçilib. Festivalın prezidenti və təsisçisi aktyor Evklid Kyurdzidisdir. Onun sözlərinə görə, Ulduzlar xiyabanında açılış mərasimində iştirak etməyi planlaşdıran məşhur aktrisaların - 2018-ci ildə festivalın qonağı olmuş Katrin Denyovun, Alisa Freydlixin, Svetlana Nemolyayevanın və İrina Muravyovanın adlı ulduzlarını da yerləşdirmək planlaşdırılır.

Stavropol diyarında “Xrustalnıy İstoçnik” festivalı ikinci dəfədir keçirilir. 2018-ci ildə kinofestivala 100 mindən çox adam qatılıb. Tədbir Stavropol diyarı hökumətinin, RF Mədəniyyət Nazirliyinin, RF Millətlərin İşləri üzrə Federal Agentliyinin dəstəyi ilə keçirilir.