Bu nigahdan doğulan uşaqların sayı durmadan artır

8 May 2013 20:31 (UTC+04:00)


32 yaşlı Mehriban 9 yaşlı oğlu Fuadla rayonda yaşayır. Mehriban 9 yaşlı oğlunu atasız böyüdür. Onların vəziyyətini Fuadın əqli və fiziki cəhətdən çatışmazlıqları daha da ağırlaşdırır. Mehriban deyir ki, Fuadın atası onlara heç bir maddi yardım göstərmir. O, nə uşağın müalicəsi ilə maraqlanır, nə də ona baş çəkir.

Mehriban deyir ki, indi Fuadı bu vəziyyətdə tək böyütməsinin ən böyük səbəb onların vətəndaş nikahında yaşamaları olub: "Bizim nikahımız vətəndaş nikahı olub. Əgər belə olmasa idi, mən indi Fuadın atasından onu böyütmək üçün aliment ala bilərdim. Bəlkə yaşamağa da öz evimiz olardı".

Bütün dünyada olmaqla, artıq Azərbaycanda da bu cür nikahda olanların sayı artır. Əslində insanlar bu cür yaşamağın daha rahat olduğunu etiraf edilər. Lakin heç də hər zaman sonu uğurlu olmayan bu modellərdə çox əziyyət çəkən tərəf qadın olur. Digər tərəfdən, nə dini, nə də hüquqi baxımdan hüquqlarını bilməmələri qadınların vəziyyətini olduqca mürəkkəbləşdirir.

Psixoloq Elmir Əkbər hesab edir ki, insanlar nə qədər özlərini müasir dövrlə ayaqlaşmağa çalışsalar da, cəmiyyət bu münasibətləri və vətəndaş nikahını qəbul etmir. Azərbaycanlılar buna soyuq yanaşırlar. Psixoloqun fikrincə, əslində bu səbəbsiz deyil: "Çünki vətəndaş nikahı heç bir öhdəliyi, məsuliyyəti olmayan ailə formasıdır. Tərəflər nə qanun, nə də din tərəfdən öhdəlik götürməyən münasibətlər daxilində yaşayırlar". Psixoloq hesab edir ki, bu cür evlilik formasını məsuliyyətdən qaçmaq istəyən şəxslər seçir.

Bu münasibətlərdən qadınlarla yanaşı, uşaqlar da çox əziyyət çəkir. Vətəndaş nikahına görə atalarından məhrum olan uşaqlar natamam şəkildə böyüməli olurlar. Bu, uşaqlara həm fikiziki, həm də mənəvi təsir göstərir.

Son 10 il ərzində Azərbaycanda rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı təqribən 4 dəfə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildə rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı 6 282 nəfər, 2010-cu ilin sonuna bu göstərici 25 385 nəfərə çatıb. Onlardan 11 517 nəfəri şəhər, 13 868 nəfəri isə kənd yerlərində dünyaya gəlib. Son 10 ildə şəhərdə nikahdan doğulan uşaqların sayı 3 dəfə, kənd yerlərində nikahdan kənar dünyaya gəlmiş uşaqların sayı isə 5,7 dəfə artıb.

İlahiyyatçı İsmayıl Əhmədov bildirir ki, bu cür nikahda tərəflərin üzərinə heç bir məsuliyyət düşmür: "Bu cür nikahda qadın kişidən irs apara bilmir, yəni vərəsəlik hüququna malik olmur. Amma İslamda çoxdan müvəqqəti və daimi nikah deyilən bir şey var. Bunların da təbii ki, öz qayda-qanunları var. Müvəqqəti nikahda bütün hüquqlar daimi nikahda olduğu kimi baş verir. Lakin qadınlar vərəsəlik hüququ əldə edə bilmirlər".

Hüquqşünas Sahib Məmmədov da nikah olmadan kəbin kəsilməsinin düzgün olmadığını hesab edir. "Uşaqlar valideyinin müəyyənləşməsindən tutmuş təhsil sənədlərinə kimi bundan əziyyət çəkirlər. Burada daha bir problemin tərəflər ayrılan zaman qadın bütün mülkiyyət hüquqlarından məhrum olur. Bundan başqa, digər bir problem vətəndaş nikahına girənlərin azyaşlı olmasıdır",- deyə hüquqşünas qeyd edib.

Bu yaxınlarda Britaniyanın Kembric Universitetinin apardığı araşdırmaya görə, ailə həm ata, həm də ana ilə birgə böyüyən uşaqlar daha güclü və daha bacarıqlı olurlar. Bu, isə vahid ailənin olması deməkdir. Vahid ailə isə iki məsuliyyətli insanın birgə yaşaması nəticəsində mümkün olur.(anspress)

AzNews.az