Azərbaycan yollarında “posmodernist dilənçilər” peyda olub

8 May 2013 22:30 (UTC+04:00)

Azərbaycanda dilənçiliyin yeni forması kəşf olunub. Müasir dilənçilər bahalı maşında bir ailə görüntüsü yaradaraq yol kənarında dayanıb, keçən avtomobillərin sahiblərindən kömək istəyir. Şahidlərin sözlərinə görə, içərisində həm də qadın və uşaq olan qrup hər saxladıqları maşından müxtəlif bəhanələrlə pul dilənir.

AzNews.az bu yolun daimi yolçuları olan həmin dilənçi qrupun fəaliyyətini və ondan hüquq-mühafizə orqanlarının xəbərdar olub-olmadığını araşdırıb. Məlum olub ki, polisin nəinki onlardan xəbəri var, hətta vətəndaşın müraciəti ilə kiçik bir əməliyyat keçirərək hədəfi tələyə salmağa cəhd də göstərib. Lakin təcrübəli dilənçi mafiyasının üzvləri bu tələdən çıxmağı bacarıb: Maşını polisin üzərinə sürərək, rəis müavinini əzmək bahasına olsa belə. Bu haqda bir qədər sonra, hələliksə dilənçi qrupun işləkləriylə bağlı şahidlərin dediklərinə diqqət kəsilək.

Bu hadisələrin şahidi olan Rövşən həm də iştirakçısı olduğu əməliyyat barədə bunları danışıb: "Dilənçi qrupla tanışlığım 5-6 ay əvvəl olub. İşimlə əlaqədar şimal bölgəsinə mütəmadi gedirəm. Haci Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında Astara nömrəsi ilə olan maşının yolun kənarında durduğunu gördüm. "07 BE 323" nömrə nişanlı "Hyunday İX 35" markalı maşın idi. Əl eləyib məni saxladılar. Onlardan biri yaxınlaşıb dedi ki, hüzr mərasimindən gəlirlər. Həm pulları, həm də maşının yanacağı bitib. Məndən pul istədilər. 20 manat verdim. Telefon nömrəmi də götürdü ki, zəng edib pulumu qaytaracaq. Maşının içərisində hicablı xanım və uşaqlar da vardı. Mənə inandırıcı göründü. Üstündən bir müddət keçdi. Təbii ki, nə zəng eləyən oldu, nə də pul qaytarmaq istəyən. Onlara ikinci dəfə rastlaşanda heyyət üzvləri dəyişmişdi. Maşında oturan adamı görəndə tanıdım. O, birinci dəfəki qarşılaşmamızda da maşında oturmuşdu. Ona görə də ehtimal edirəm ki, o həmin qrupun başçısıdır.

Tanımadıqları üçün mənə yaxınlaşdılar və əsgər yanından gəldiklərini, pul və yanacaqlarının bitdiyini söylədilər. Bir şey deməyib maşından düşdüm və onların başçısına tərəf yaxınlaşdım. İrad tutdum ki, bu cür davranmaq doğru deyil. Sizə deyim ki, bunlar çox təhlükəlidirlər. Maşında adam çox idi. Hərəsi bir tərəfdən üstümə gəldilər. Torpaq, daş atdılar üzümə. Mən də ordan tez uzaqlaşdım. Hər dəfə təqribən eyni yerdə dururlar. 300-500 metr o tərəf-bu tərəfə yer dəyişə bilərlər. Maşının yeri eyni olsa da, içindəkilər həmişə fərqli adamlar olur. Yalnız qrupun başçısından savayı. 3-cü dəfə isə dünən rastlaşdım. Artıq bir maşın saxlamışdılar. Yanlarından keçib getdim. Bir az aralıda post patrul maşınını görüb, onlara müraciət etdim. 2-ci bölmənin rəis müavini idi. Məsələni ona danışdım. Mənim maşınımda həmin əraziyə qayıtdıq. Bir az müşahidə etdi və əməliyyatçıları çağırdı. İş başında yaxalamaq üçün 5 nəfər silahlı şəxslə kiçik bir əməliyyat keçirib fakt qarşısında qoymaq istəyirdilər. Onlar getdilər, mən isə bir az aralıda gözləyirdim. Sonradan məlum oldu ki, onlar polisin əlindən qaçıb. Maşını polisin üstünə sürüblər. Rəis müavinin ayağı əzilmişdi. Mən bir az izləsəm də, sonradan gözümdən itirdim. Təsəvvür edin ki, saatda 200 km-saat sürətlə onlara çata bilmirdim. Sonradan polis radarlarla izləyib həmin maşının şəhərə girdiyini müəyyənləşdirdi. Maşın Salyan rayonunda qeydiyyatdadır. Orada polislərdən öyrəndim ki, maşın axtarışdadır. Yol polisi tərəfindən bir neçə dəfə cərimələnib, ancaq cərimə ödənməyib".

Başqa bir şahid - Əli isə həmin dilənçi qrupla qarşılaşsa da, onlara kömək etməyib:

"Yolun kənarında saxlayıb mənə yanacaqlarının bitdiyini söylədilər. Onlara təklif elədim ki, biri otursun maşınıma. Yanacaqdoldurma məntəqəsinə aparıb qaytara biləcəyimi söylədim. Ancaq bu köməyimdən imtina edib pul istədilər. Təbii ki, niyyətlərini anlayıb pul vermədim".

51 BB 225 nömrə nişanlı Vaz – 011 markalı maşının sürücüsü onlara benzin, dilənçi qrupa Gəncə şosesində rast gələn Hakim adlı sürücü isə pul verib.

Bir sözlə, bu qrupun hədəfinə çevrilən sürücülərin sayı kifayət qədər olsa da, bu fəaliyyətdən xəbərdar olan rəsmi qurum yoxdur.

Maraqlıdır, görəsən, axtarışda olan və ödənməmiş saysız-hesabsız cəriməsi olan bir maşınla dilənçi qrup necə fəaliyyət göstərir? Necə ola bilər ki, aylardır ki, açıq şəkildə fəaliyyət göstərən dilənçilərdən polisin xəbəri olmasın?

AzNews.az-ın araşdırması göstərib ki, polisin xəbəri olsa da, bu fəaliyyəti qeydiyyata salmaqda maraqlı deyil. Çünki bu cür "xırda məsələ"lərə baş qoşmaq istəmirlər. Dünən baş verən faktla bağlı da eyni mövqe nümayiş etdirən Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları və rəis müavini Namiq müəllim (Soyadını söyləməkdən imtina edib-red.) nəinki tələb olunan rəsmi proseduru həyata keçirmək niyyətindədir, əksinə, dilənçilərin fəaliyyətinin üzə çıxmasında da maraqlı görünmür:

"Rəsmi yox, ancaq müvafiq yerlərə demişəm. Yol polisinə məlumat vermişəm ki, onu saxlayanda bizə də xəbər versinlər. Onun hərəkətində cinayət tərkibi yoxdur. Adi dilənçidir, yolda durub kömək istəyir. Ağlı olan verməsin. Zorla almır ki... Konkret fakt olmadan, ona qarşı hər hansı addım atmaq mümkün deyil. Hər şeyə reaksiya verə bilmərik. Bizim işimizdə belə şeylər çox olur, əhəmiyyət verməyin".

Rəis müavininin sözlərinə görə, hələ də maşın sahibinin adı müəyyənləşdirilməyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxladıq. 2-ci bölmənin rəis müavinindən fərqli olaraq, Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzNews.az-a açıqlamasında məsələnin bütün hallarda araşdırılmasının vacibliyini, faktla bağlı nazirlikdə məlumat olmadığını bildirib.

Ruhiyyə
AzNews.az