Milli Mətbuat Günü qeyd edildi: Jurnalistlər mükafatlandırıldı - FOTOLAR

22 İyul 2019 23:42 (UTC+04:00)

Bayram tədbirində 22 iyul Milli Mətbuat Günü münasibətilə KİVDF-nin keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycanda mətbuata dövlətin, ölkə prezidentinin dəstəyindən, həmçinin KİVDF-nin il ərzində keçirdiyi bir sıra tədbirlərdən söz açıb. Sonra V.Səfərli müsabiqənin 2019-cu il iyunun 8-dən iyulun 12-dək Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirildiyini, müsabiqəyə 56 KİV-dən 142 yazının təqdim edildiyini bildirib. Ümumilikdə 111 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunduğunu açıqlayıb.

Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500 manat və diplom, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafat verilib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə jurnalistləri təbrik nitqində Azərbaycan mətbuatının inkişaf etdiyindən, mətbuata, jurnalistlərə dövlətin dəstəyindən ətraflı söz açıb. Azərbaycan mətbuatına prezident İlham Əliyevin yüksək səviyyədə qayğı göstərdiyini bildirib.

Əli Həsənov vurğulayıb ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mediası üzərindən bütün dövlət tənzimləmə mexanizmlərini ləğv edən qərar qəbul olundu, senzura aradan qaldırıldı. Bununla da Azərbaycanda sərbəst media mühiti yarandı. Əli Həsənov dedi ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən Bəy Zərdabi nə qədər inqilabi fəaliyyət göstərmişdisə, Heydər Əliyevin 1998-ci ildə qəbul etdiyi bu qərar təxminən o qədər böyük ictimai əhəmiyyətə malik idi.

Hakimiyyət rəsmisi prezident İlham Əliyevin mətbuata, jurnalistlərə böyük dəstəyindən də çoxlu sayda faktları sadalamaqla söz açdı. Jurnalistlərin sosial, mənzil şəraitinin yaxşılaşdırılması barədə atdığı addımları sadaladı. Azərbaycan mediasının səsinin bütün dünya media aləmindən gəldiyini bildirdi.

Sonra müsabiqədə ayrı-ayrı istiqamətlər üzrə birinci yerin qaliblərinə diplomlar təqdim olunub. Qeyd edək ki, qaliblər sırasında “Yeni Müsavat”ın əməkdaşı Etibar Seyidağa (1-ci yer) və Nərgiz Salmanova (3-cü yer) da var.

Tədbirdə Mətbuat Şurasının yeni təsis etdiyi “Jurnalistikaya önəmli xidmətlərinə görə mükafatı”-nın da ilk laureatlarının adları açıqlanıb və təqdimat olub. Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycan mətbuatını regionun ən güclü mediası adlandırıb və mətbuatın dövlət qayğısı ilə əhatə olunduğunu deyib. Sözügedən mükafatlara Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat İsa Həbibəyli, tarix üzrə fəlsəfə doktoru, Zərdabişünas alim Esmira Cavadova və mərhum professor Şirməmməd Hüseynov layiq görülüb.

Musavat.com