Rusiyada insan haqları ilə bağlı vəziyyət şişirdilib - Rusiya Avropa İttifaqına səsləndi

24 İyul 2019 08:23 (UTC+04:00)

"Avropa İttifaqı rəsmilərinin antirusiya insan hüquqları ritorikası Moskva və Brüssel arasında konstruktiv dialoqa imkan vermir".

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında yazılıb.

Bəyanatda Avropa Parlamentində Humanitar Yardım və Böhranların İdarəsi üzrə Avropa Komissarı Xristos Stilianidisin iyulun 18-dəki çıxışı xatırladılıb. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı adından edilən çıxış Rusiyada insan haqları, o cümlədən ukraynalı "siyasi məhkumlar" adlandırdığı məsələyə həsr edilib.

"Son zamanlar biz Aİ-dən olan həmkarlarımızdan müxtəlif səviyyələrdə qarşılıqlı maraq doğuran məsələlər üzrə Rusiya ilə konstruktiv dialoqun inkişaf etdirilməsində maraqlı olduqlarına dair siqnallar alırıq. Biz buna hazırıq. Eyni zamanda qeyd etmək lazımdır ki, bu cür antirusiya ritorikası ilə buna nail olunması çətin məsələdir", - deyə bəyanatda bildirilir.

Nazirliyin bəyanatına görə, Aİ-nin Rusiyada insan haqları ilə bağlı vəziyyətə şişirdilmiş və "açıq-aşkar qeyri-sağlam marağı" təəccüb doğurmaya bilməz.

Nazirlik Avropa İttifaqının İnsan hüquqları sahəsində tətbiq etdiyi ikili standartlar siyasətinin nümunəsi kimi Aİ-nin Kiyev hökumətinin təhsil və dövlət dili ilə bağlı qanunlarına reaksiyasının olmamasını qeyd edib.

Nazirliyin məlumatına görə, bu qanunlar Ukrayna Konstitusiyasına, ölkənin beynəlxalq öhdəliklərinə, həmçinin Ukrayna barışığı üzrə Minsk razılaşmalarının ruhuna və nizamnaməsinə ziddir.

"Nədənsə, Aİ-ni Ukraynada KİV azadlığı ilə bağlı fəlakətli vəziyyət, o cümlədən jurnalistlərin təqibi narahat etmir. "RİA Novosti" nin rəhbəri Kiril Vişinskinin peşə fəaliyyətinə görə dövlətə xəyanət kimi absurd ittihamla həbsdə olması buna birbaşa sübutdur".

Pərvanə

AzNews.az