Belarus XİN-dən yaralanan diplomatla bağlı - Açıqlama

25 İyul 2019 17:02 (UTC+04:00)

"Ankarada belaruslu diplomata edilən hücumun arxasında heç bir siyasi motiv yoxdur".

AzNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarusun xarici işlər naziri Vladimir Makey deyib.

O, istintaqın davam etdiyini bildirib.

Nazirin sözlərinə görə, diplomat və onun qonşusu arasındakı mübahisə yaşadıqları binanın girişində qızışıb.

"Diplomata xəsarət yetirən şəxs həyətdə oynayan uşaqlara əsəbləşib. Hadisəyə psixoloji gərginlik səbəb ola bilər", - deyə Makey qeyd edib.

O, təqsirli şəxsin bunu Belarus səfirliyində işləyən bacısı üçün etdiyi barədə dediyini təkzib edib:

"Onun Belarus səfiriliyində işləyən bacısı yoxdur. Ümid edirik ki, Aleksandr Poqanşevin səhhəti yaxşı olacaq. Ancaq hələlik diplomatın vəziyyəti ağır olaraq qalır. Lakin sağlamlığının bərpa edilməsi üçün imkan var".

Nazir keçmiş ordu zabiti olan şəxsin psixiatriya xəstəxanasında qeydiyyatda olduğunu bildirib.

V. Makey türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə əlaqə saxladığını, onun hadisənin araşdırılması və Belarus diplomatının həyatını xilas etmək üçün səylərini əsirgəməyəcəyinə söz verdiyini deyib.

Xatırladaq ki, hadisə dünən Ankaranın Çankaya bölgəsində baş verib. Türkiyənin "Hürriyet" qəzetinin məlumatına görə, Belarus Respublikasının Türkiyədəki səfirliyinin elçisi Aleksandr Poqanşev istefada olan türk zabiti tərəfindən hücuma məruz qalıb. Ağır yaralanan belaruslu diplomat xəstəxanaya yerləşdirilib. Daha sonra "Dəmirören" xəbər agentliyi təqsirli şəxsin diplomatın qonşusu olduğunu bildirib.

Pərvanə

AzNews.az