İki oyunluq formatda “Qarabağ” “Spartak”a da, “Zenit”ə də qalib gələ bilər - Emin Mahmudov

26 İyul 2019 01:04 (UTC+04:00)

“İki oyundan ibarət dueldə istənilən komandanı məğlub etmək olar. Bizim bu gün oynadığımız kimi hər matçda oynamaq ağırdır”.

Bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin “Arsenal”la Rusiyadakı görüşündən sonra fikirlərini bölüşən yarımmüdafiəçi 1:0 hesablı qələbəyə şərh verib. Bir neçə gün öncə Azərbaycan futbolunun liderləri “Qarabağ”la “Neftçi”nin Rusiya Premyer Liqasında ikinci “səkkizliy”ə düşə biləcəyini deyən E.Mahmudov bugünkü qələbə ilə həmin fikirləri izah edib: “İki oyunluq formatda “Qarabağ” “Spartak”a da, “Zenit”ə də qalib gələ bilər. Biz də bacararıq. Amma bütün çempionatı belə oynamaq ağırdır. Bizim də, rəqibin də imkanları oldu. Lakin futboldan çox mübarizə var idi. Yaxşı ki, hər şey belə qurtardı. Çalışdıq ki, “Arsenal”a öz futbolunu göstərməyə imkan verməyək. Növbəti mərhələ barədə düşünmək tezdir. Daha yaxşı oynamalıyıq. Topla daha yaxşı rəftar edə bilərik. Meydan yaxşı keyfiyyətli, amma ağır olduğundan oyunumuza təsir etdi. Kombarovla matçdan əvvəl söhbətləşdik. Sonra da görüşsək, danışardıq. “Arsenal”a oyuna nəzarət etmək, sürətli hücumlar qurmağa imkan verməməyə çalışdıq. Rəqib biz imkan verdiyimiz qədər oynadı. Rusiyaya tez-tez qayıdıram, çünki Moskvada yaşayıram”. (APA)