"Azərbaycanla Türkiyə arasında vizanın ləğvi turizm sektoruna yeni nəfəs gətirəcək"

26 İyul 2019 13:14 (UTC+04:00)

“Bu addım Azərbaycanın turizm sektoruna yeni nəfəs gətirəcək”.

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğv olunmasını şərh edərkən dedi. O, qeyd etdi ki, bu qərar iqtisadi və ticari münasibətləri daha da dərinləşdirəcək:

“Üzun müddət tərəddüdlərdən sonra Türiyə ilə birtərəfli viza rejimi ləğv edildi. Qərar sentyabr ayının 1-dən etibarən qüvvəyə minəcəkdir. Bəs bu nə deməkdir?

1.Əksər hallarda hətta qardaş ölkə tərəfindən qınağa çevrilən və dost ölkələrə uyğun olmayan bir problem nəhayət ki, tarix oldu.
2.Bu addım Azərbaycanın turizm sektoruna yeni nəfəs gətirəcək, iqtisadi və ticari münasibətlər daha da dərinləşəcəkdir”.

Rəşad Həsənov sözügedən qərarın iqtisadi tərəflərini belə şərh etdi:

“Dövlət Statistika Komitəsinin məlumatına görə 2018-ci ildə Türkiyədən Azərbaycana turist kimi gələnlərin sayı 268 min nəfər olub, bu da ötən il ölkəyə gələn turistlərin 10.3 faizi deməkdir. Başqa sözlə, ölkəyə gələn hər 10 turistdən biri məhz Türkiyə vətəndaşı olub. Bu xarici ölkələrə gedən turistlərin cəmi 3.2%-dir. 2018-ci ildə 8.4 milyon türk vətəndaşı xarici ölkələrə üz tutub.

Rəsmi rəqəmlərə görə bir türk turist orta hesabla 578 USD yaxud 983 manat olmaqla, ümumilikdə 2018-ci ildə Azərbaycanda 263 milyon manat pul xərcləyiblər. Bu, o deməkdir ki, Azərbaycanın xarici turistlərdən əldə etdiyi ümumi gəlirin 9.4 faizi Türk vətəndaşlarının xərcləmələri hesabına mümkün olub. Xatırladım ki, ötən il türk turistlər xarici ölkələrdə cəmi 4.9 milyard ABŞ dolları pul xərcləyiblər ki, bunun da 3.2 faizi Azərbaycanın payına düşür. Hətta mövcud statistika real mənzərəni tam olaraq əks etdirə bilməsə də, o qənaətə gəlmək olar ki, yuxarıda sadaladığımız göstəricilər mövcud potensialın çox altındadır. Dil, din, adət-ənənə uyğunluğu, əcdad eyniliyi Türkiyə-Azərbaycan arasında turizm potensialının çox daha böyük olmasını deməyə əsas verir. Sadəcə bu ölkədən gələnlərə Azərbaycan tərəfinin viza tələb etməsi bu potensialdan yaralanmaq imkanını azaldırdı. Maneənin aradan qalxması Türkiyədən Azərbaycana gələn turistlərin sayında ciddi artım olacağını proqnozlaşdırmağa əsas verir. Ümid edirəm ki, bütün steykholderlər potensial turist sayı artımına layiqincə hazırlaşacaq və turizm xidmətlərinin idxalından daxil olan valyuta nə vaxtsa neft sektorunun gətirdiyi valyutadan daha çox olacaqdır. Gəlin, bu fürsətləri dəyərləndirək”.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında viza ləğv edilib. Bu barədə məlumatı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yayıb. O bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər.

Bahar RÜSTƏMLİ

AzNews.az