“Milli Şura heç bir siyasi perspektivi olmayan bir qurum olacaq“

9 May 2013 13:45 (UTC+04:00)
"Milli Şura yaradılsa belə, o, kağız üzərində qalan, heç bir siyasi perspektivi olmayan, 5-10 nəfər siyasi dəstəyi olmayanların yaratdığı bir qurum olacaq ki, bunun da hər hansı siyasi perspektivindən söhbət gedə bilməz".

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Milli Şuranın yaradılması ilə bağlı təklifin reallaşdırılması ehtimalı kifayət qədər azdır: "Azərbaycanın konstitusion quruluşunda və siyasi sistemində hər hansı bir legitim Milli Şura təsisatı mövcud deyil. Azərbaycanda təsisatlanmış demokratiya qurulub. Azərbaycanın dövlət strukturları fəaliyyət göstərir. Ölkədə növbəti prezident seçkilərinə hazırlıq gedir. Belə olan halda Milli Şura ideyasının ortaya atılması siyasi təxribatdan başqa bir şey deyil. Çünki Azərbaycanın konstitusion quruluşunda və siyasi sistemində hər hansı bir legitim Milli Şura təsisatı mövcud deyil. Hüquqi cəhətdən belə bir qurum yoxdur".

Ə.Əhmədov deyib ki, Azərbaycanda müxalifətə cəmiyyət tərəfindən ciddi dəstək yoxdur və Milli Şuranı yaradanlar da bu reallığı dərk etməlidirlər: "Milli Şuranın siyasi perspektivləri və taleyinə gəldikdə isə, birmənalı şəkildə deyə bilərəm ki, bu gün nə Azərbaycan müxalifətini, nə də müxalifətə müxtəlif tərəflərdən qoşulanları Azərbaycan xalqı ciddi şəkildə dəstəkləmir. Buna görə də ciddi dəstəyə malik olmayan insanların ciddi bir siyasi qurum yaratmaq şansı da təbii ki, yoxdur. Milli Şuranın yaradılması ideyasını ortaya atanlar da bu reallığı dərk etməlidirlər".

YAP rəsmisi qeyd edib ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı aparılan bütün müşahidələr seçicilərin mütləq əksəriyyəti birmənalı şəkildə prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini göstərir: "Belə olan halda qondarma, hər hansı ictimai və ciddi əsaslara söykənməyən Milli Şura ideyasının az da olsa, perspektiv qazanacağına inanmaq çox çətindir".//APA//

AzNews.az