Sevgilisini öldürməkdə ittiham edilən qadının məhkəməsi oldu

26 İyul 2019 17:28 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsinə qətldə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cinayət işi hakim Azər Paşayevin sədrlik etdiyi kollegiya tərəfindən araşdırılır.

Ailəli olan G.Qasımova sevgi münasibətində olduğu Ramiz Hüseynovu öldürməkdə ittiham edilir. R.Hüseynov da ailəli olub.

G.Qasımova ittihamı qəbul etmir, R.Hüseynovu öldürmədiyini bildirir.

Prosesdə polis əməkdaşı Xaliq Həbibov ifadə verib. O bildirib ki, postda olduqları zaman iki nəfər onlara yaxınlaşaraq park ərazisində bir nəfərin yerə yıxıldığını deyib: "Biz əvvəlcə düşündük ki, hansısa spirtli içki içən şəxsdir. Çünki, adətən, belə hadisələr olurdu. Hadisə yerinə gələndə gördük ki, parkın mühafizə xidmətinin işçisi də ordadır. Nəbzinə baxanda bildik ki, ölüb. Üstü qan idi. Biz idarəyə xəbər verib, hadisə yerini mühafizə etməyə başaldıq".

O, suala cavab olaraq qeyd edib ki, parkda nəzarət kamerası olsa da, hadisə kameradan kənarda baş verib: "Hadisə musiqi məktəbinin arxasında olub. Ora kameraya düşməyib".

Prosesdə şahid qismində ifadə verən Rəna Nəcəfova bildirib ki, Günel Qasımovanın iş yoldaşı olub. Günel hadisə baş verən gün evdən çıxarkən həyat yoldaşına "Rənanın ad gününə gedirəm" deyib. Şahid bildirib ki, bu barədə istintaqda xəbər tutub.

Təqsirləndirilən Günel Qasımovanın həyat yoldaşı Rəhim Qasımov da məhkəmədə şahid kimi dindirilib. O bildirib ki, 2004-cü ildən evlidir. Hadisə baş verən gün Günel ona iş yoldaşı Rənanın ad gününə gedəcəyini deyib. Bir müddətdən sonra isə evə qayıdıb.

Şahid qismində ifadə verən taksi sürücüsü Abdurəhman Abdurəhmanov bildirib ki, Güneli hadisə baş verən gün taksi sifarişinə əsasən Yasamaldan Xırdalana aparıb.

Qətlə yetirilənin dostu Taleh Mahmudov bildirib ki, hadisə baş verən gün Ramizlə görüşməli idi. Ancaq sonradan digər dostu zəng edərək belə bir hadisə baş verdiyini deyib.

Məhkəmədə mərhumun dostları da şahid qismində ifadə verib. Buna səbəb onların hadisədən əvvəl görüşməsi olub. Dostları mərhum Ramizin həmin zaman kiminləsə tez-tez telefonda danışdığını təsdiqləyiblər.

Günel Qasımovanın anası Gülnaz Qasımova da məhkəmədə dindirilib və qızının günahsız olduğunu bildirib.

Məhkəmə iclası davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.

Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə, ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Qasımova Günel Eldar qızı saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.(report.az)

AzNews.az