13 saylı Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istifadəyə verildi

26 İyul 2019 18:51 (UTC+04:00)

Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Rəyasət Heyətinin bir sıra üzvlərini büroda aparılmış təmir işləri ilə tanış edən büronun müdiri Arif Rəsulov görülmüş işlər barədə məlumat vermiş, vəkillərin fəaliyyəti üçün zəruri şəraitin təmin olunduğunu, görüş otaqlarının hazırlandığını, büronun yeni kompüter, mebel və digər avadanlıqlarla təchiz olunduğunu bildirmişdir.

Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı əsasında dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına 13 saylı Vəkil Bürosunun sifarişinə əsasən mebellə və avadanlıqla ilə təchiz edilməsi üçün ƏDV daxil olmaqla 6000 manata yaxın vəsait sərf olunmuşdur.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz növbəsində büroda aparılmış işləri yüksək qiymətləndirmiş, əhaliyə yüksək keyfiyyətli və peşəkar hüquqi yardım göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini vurğulamış, bundan başqa Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması üzrə aparılan tədbirlər barəsində məlumat vermişdir.

Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilmiş, Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləmiş, vəkilləri maraqlandıran suallar cavablandırılmışdır.