Bu yolda təmir-bərpa işləri başladı - AAYDA-dan rəsmi açıqlama

27 İyul 2019 11:17 (UTC+04:00)

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində yolun inşası zamanı yol verilən konstruktiv səhvlər, həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhərinə istiqamətində normadan artıq yüklənmiş yük maşınlarının (ümumi nəqliyyat vasitələrinin 67,82 % təşkil edir) hərəkəti nəticəsində yolun örtüyündə çatlar və dağılmış hissələr yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, bu isə haqlı olaraq vətəndaşlar tərəfindən narazılıqla qarşılanır, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində problemlərə gətirib çıxarır. AAYDA tərəfindən yolda təmir-bərpa işləri başlayıb. Təmir-bərpa işləri yolun Şabran rayonu ərazisindən başlayaraq Siyəzən və Xızı rayonlarını keçməklə Bakı şəhəri istiqamətində aparılır. İşlər yolu 130-53-cü və 28-16-cı km-lik hissələrində aparılmaqla 200 min kv.m-dən çox sahəni əhatə edir. Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı şəhəri istiqamətində 130-98-ci, 83-70-ci və 28-20-ci km-lik hissələrində aparılaraq yekunlaşdırılıb. Sözügedən hissələrdə görülmüş işlərin sahəsi 130 min kv.m-ə yaxındır. Hazırda yolun 98-83-cü, 70-53-cü və 20-16-cı km-lik hissələrində təmir-bərpa işləri görülməkdədir. Anoloji işlər yolun əks istiqamətində də aparılır. Bakı-Quba istiqaməti üzrə aparılan işlər 7 min kv.m sahədə artıq bitib.

Aparılan təmir-bərpa işlərini nəzərə alaraq sürücülərdən sözügedən yol boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.