ABŞ prezidentləri ermənilərə vədlərini heç vaxt yerinə yetirmirlər - erməni ekspert

28 İyul 2019 11:01 (UTC+04:00)

“ABŞ senatoru, Demokrat partiyasından prezidentliyə namizəd Berni Sandersin qondarma “erməni soyqırımı”nı tanımaq barədə vədinin taleyi prezidentliyə digər namizədlərin bu barədə verdikləri sözlərdən fərqlənməyəcək”.

Ermənistan mediasına istinadən xəbər verilir ki, bu sözlər Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq institutunun direktoru, türkoloq Ruben Safrastyana məxsusdur.

Onun sözlərinə görə, təcrübə göstərir ki, ABŞ prezidentliyinə bütün namizədlər seçkidən öncə belə vədlərlə çıxış etsələr də, sonradan sözlərini “unudurlar”.

“Hər şey Türkiyə və ABŞ arasındakı qarşılıqlı münasibətlərdən asılı olacaq. Hazırda onun gərgin olduğunu bilirik. Lakin ABŞ hakimiyyətinin Türkiyəni daha da qızışdırmağı gözə alaraq qondarma “erməni soyqırımı”nı tanıyacağını söyləmək çətindir”, - deyə ekspert qeyd edib.

Ruben Safrastyan əvvəllər də rəsmi Ankara və Vaşinqton arasında bu cür gərginliklərin yaşandığını, lakin erməni məsələsinin heç bir zaman Türkiyəyə təzyiq aləti kimi istifadə olunmadığını bildirib.

“Ona görə də bu istiqamətdə hər hansı dəyişikliyin baş verəcəyinə ümid etməyə dəyməz”, - deyə o, vurğulayıb.

Qeyd olunur ki, bu il iyulun 26-da Vermont ştatından senator, ABŞ prezidentliyinə namizəd Berni Sanders Los-Anceles şəhərində tərəfdarları qarşısında çıxışında qondarma “erməni soyqırımı” məsələsini tanıyacağını deyib.

Senator ABŞ prezidenti seçilməsi halında aprel ayının 24-də “soyqırım” ifadəsini işlədəcəyinə söz verib. (Musavat.com)