Gülər Əhmədova özünə qarşı qanunsuzluq edildiyini düşünür

9 May 2013 18:15 (UTC+04:00)
Gülər Əhmədovanın vəkili müvəkkilinin həbs müddətinin 3 ay uzadılmasını qanunsuz hesab edir.


"Müvəkkilimin həbs müddəti bitmişdi və heç bir qanuni əsaslar olmadan həbs müddəti 3 aylıq uzadıldı. Halbuki bunun üçün istintaq orqanı heç bir sübut təqdim etməyib. Bizim tələbimizə məhəl qoyulmadı", Əhmədovanın vəkili Rafiq Mustafayev BBC Azərbaycancaya deyib.

Səbayel Rayon Məhkəməsinin qərarı ilə sabiq millət vəkili Gülər Əhmədovanın həbs müddəti daha 3 ay uzadılıb. Vəkilin sözlərinə görə, ötən 3 ay müddətində işlə bağlı heç bir zəruri istintaq aparılmayıb və bu haqda məlumat verilməyib.

"Həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətimiz də təmin olunmayıb. Bizə bildiriblər ki, istintaq araşdırması 8 ay lazımdır", vəkil deyib.

"Hesab edirik ki, ötən 3 ayda istintaqın yekunlaşması üçün kifayət qədər vaxt var idi. Gülər xanım özü də məhkəmənin qərarının qanunsuz olduğunu hesab edir", o əlavə edib.

Mustafayev deyib ki, Əhmədovanın səhhətində problemlər var və məhkəmədə iştirak edən sabiq millət vəkili hakimin qərarına etiraz edən zaman əsəbləşərək huşunu itirib.

"3 gün ərzində kassasiya şikayəti ilə Apellyasiya Məhkəməsinə müraciət edib-etməyəcəyimizi qərarlaşdıracağıq".

Gülər Əhmədova bu il fevralın 13-də saxlanılıb. Həmin gün Səbayel Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı çıxarıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

Gülər Əhmədovanın adı 2012-ci il sentyabrın 25-də Beynəlxalq Universitetin sabiq rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayevin rüşvətlə deputat mandatının alınmasından bəhs edən video qalmaqalında əsas fiqurlardan biri kimi hallanır.

AzNews.az