Çin yenidən istifadəyə yararlı raket hazırlayacaq

29 İyul 2019 15:04 (UTC+04:00)

Çin buraxılan raketlərin eniş zamanı istiqamətləndirilmələrini təmin etmək üçün barmaqlıq formalı qanad hazırlayıb.

AzNews.az xəbər verir ki, çinli iş adamları raketlərin buraxıldıqdan sonra yerə zərərsiz enmələrini təmin etmək üçün əhəmiyyətli addım olaraq bilinən "yönləndirici qanad" texnologiyasını sınaqdan keçiriblər.

Sözügedən qanadla ilk sınaq Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası tərəfindən Guicou əyalətində "Long March 2C" raketini buraxaraq həyata keçirilib.

Qanadların ilk sınağının uğurlu olduğu bildirilib.

Texnologiyanın inkişafı tamamlanarsa, həm raketin buraxılma xərclərinin azalacağı, həm də raketin düşdüyü yerdə insanlara zərər verməyəcəyi deyilir.

Qeyd edək ki, sözügedən texnologiya ilk dəfə ABŞ kosmik gəmi və raket istehsalçısı "SpaceX" tərəfindən hazırlanıb. "SpaceX" may ayında Falcon 9 raketi ilə 60 internet peykini kosmosa göndərib. Missiyanın ardınca dünyaya düşən raketlərdən ikisi, əvvəlcədən müəyyən edilmiş nöqtələrə dik formada enib.

Gül Qədirli

AzNews.az