Brilliant: “Televiziyaya xoruz gətirib qaqqıldadan müğənni ilə işim olmaz“- FOTO

9 May 2013 20:20 (UTC+04:00)
Xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasındakı soyuq müharibə səngimək bilmir. Axşam.az-ın məlumatına görə, Brilliant Dadaşova internetdə yayılmış "Aygünə vəfa borcum var" adlı videoya münasibət bildirib. Hansıki sözügedən videoda B.Dadaşova həmkarının ünvanına təriflər yağdırıb, onun Aygün Kazımovaya vəfa borcu olduğunu söyləyib.

Xalq artistinin məsələylə bağlı "Facebook" profilində yazdığı statusu olduğu kimi təqdim edirik:

"Əziz "Facebook" dostlarım. Mənə deyirlər ki, Türkiyədə heç nəyə nail olmamışam. İnternetdə yerləşdirdikləri həmin videoda mən nələrə nail olduğumu deyirəm. Orada Türkiyənin YUNESKO-dakı xoşməramlı səfiri, millət vəkili, bəstəkar Zülfü Livaneli tərəfindən onun musiqisini ifa etmək üçün Ankara və İstanbuldakı stadion konsertlərinə dəvət aldığım bildirilir. Həmin vaxt Aygün məni verilişdə əvəz edib. Buna görə də mədəniyyətimə uyğun şəkildə ona təşəkkürümü bildirmişəm.

Bu dəfə də mədəniyyətimə uyğun addım ataraq, saymamazlıq etməmək üçün jurnalistlərin "Kral" TV ilə əlaqədar suallarına öz "Facebook" səhifəmdə cavab verdim. Bildirdim ki, onun mükafata layiq görülmədiyinə məyus oldum. Gördüyünüz kimi bu söhbət nəyin bahasına olursa-olsun gündəmdə qalmaq istəyənlərin "kislarod"una çevrildi".


"Verilişinin reytinqi aşağı olduğu üçün qapadıldı"

Xalq artistinin Aygün Kazımova ilə bağlı fikirləri bununla bitməyib. O, Kazımovanın "Space"də apardığı verilişinin aşağı reytinq aldığını deyib:

"Aygünün istəyinə görə, mən həmin ərəfədə "Space" rəhbərliyindən xahis etdim ki, verilişi ona versinlər. Çünki vaxtım yox idi. Etibar Babayev ("Space"in keçmiş prezidenti) razı olmadı. Dedi ki, əgər o, burada proqram aparsa, gərək sponsoru olsun. Sponsorsuz məndən başqa heç kimə icazə verə bilməyəcəyini demişdi. Mən verilişi bağladıqdan sonra onun sponsorlu proqramı başladı. Amma heyif ki, mənim verilişim kimi 5 il yox, yalnız iki ay davam etdi. Reytinq 0,2 göstərdi. O vaxt da məyus olmuşdum, amma yaxşı ki, "Facebook" yox idi. Yaxşı ki, yazmamışdım".

"Natavana təpik atan, Röyaya bakal tullayan müğənniylə skandal eləmək mənim işim deyil"

"Əziz dostlarım narahat olmasınlar. Natavan Həbibiyə yarışmada uduzduqdan sonra təpik atan, Röyaya bakal tullayan, indi səs-səsə verdiyi kişi müğənnisinə görə televiziyaya xoruz gətirib qaqqıldadan, ağzından çıxanı deyib sonra qucaqlaşıb öpüşən müğənniylə skandal etmək mənim işim deyil" – deyə müğənni statusunda qeyd edib.

AzNews.az