Əməliyyat olunan Maradonadan xəbər var

30 İyul 2019 16:08 (UTC+04:00)

Argentina yığmasının heyətində dünya çempionu olmuş Diyeqo Maradona bir həftə bundan əvvəl dizində əməliyyat aparılandan sonra ilk dəfə ayağa qalxıb və klinikanın ərazisində gəzişib.

Adlı-sanlı idmançı bu barədə öz “Instagram” səhifəsində məlumat verib.

İyun ayında Maradona Meksikanın “Dorados” klubunun baş məşqçisi vəzifəsini tərk edib. O vaxt qeyd edildi ki, 58 yaşlı argentinalının bu qərarı onun səhhəti ilə bağlı olub. Həkimlər Maradonaya vaxtının bir hissəsini səhhətinə həsr etməsini məsləhət görüblər. Maradonanı iki əməliyyat gözləyirdi – çiynində və dizində.

Maradona “Instagram” səhifəsində yazdığı “Bu gün elə yeriyirdim ki, sanki təzədən 15 yaşındayam. Cərrahıma və klinikada mənə qayğı göstərənlərin hamısına təşəkkür edirəm” sözlərinə əməliyyatdan sonra ilk gəzinti zamanı çəkilmiş videonu əlavə edib.

Maradona 1986-cı ilin dünya çempionu və XX əsrin ən yaxşı futbolçularından biridir. Argentinanın “Arxentinos Xuniors”, “Boka Xuniors” və “Nyuells Old Boyz”, İspaniyanın “Barselona” və “Sevilya”, İtaliyanın “Napoli” komandalarının heyətində çıxış etmiş argentinalı hücumçu İtaliya çempionatının və İtaliya kubokunun, İspaniya kubokunun və UEFA kubokunun qalibi olub. Karyerası ərzində o, cəmi 687 matç keçirib, 363 qol vurub, o cümlədən Argentina yığmasının heyətində keçirdiyi 113 matçda 50 qol vurub.

2005-ci ilin iyun ayından 2006-cı ilin avqust ayına qədər Argentinanın “Boka Xuniors” klubunun futbol komissiyasının vitse-prezidenti olub. 2008-2010-cu illərdə Argentina yığmasının məşqçisi kimi çalışıb, 2010-cu ildə bu komanda dünya çempionatının dörddəbir finalına çıxıb. 2011-2012-ci illərdə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəsl” klubuna rəhbərlik edib. 2017-ci il mayın 8-də BƏƏ-nin “Əl-Fücayra” klubunun baş məşqçisi təyin olunub, 2018-ci il aprelin sonunda bu vəzifəni tərk edib.(AZƏRTAC)

AzNews.az