Türklər bizə yüksək qonorar vermir - Elməddin Cəfərov

1 Avqust 2019 12:28 (UTC+04:00)

Aktyor Elməddin Cəfərov AzNews.az-ın suallarını cavablandırıb.

- Elməddin bəy, ATV kanalında yayımlanan "Eks Bacanaqlar" serialı bitdi. "Qız atası" serialı yeni sezonda davam edəcəkmi?

- Bəli, "Eks Bacanaqlar" serialı 10 il yayımlandı, amma "Qız atası" serialı davam edəcək. Bununla yanaşı artıq yeni bir iş təqdim etməyin vaxtıdır.

- Türk aktyorları ilə “Çat kapı aşk” filminə çəkildiniz, amma davamı gəlmədi.

- Türklərdən film təklifi oldu, amma maliyyə məsələsinə görə razı olmadım. Orada az qonorara çəkilmək fikrim yoxdur.

- Bəlkə Türkiyədə tanınmaq və başlanğıc üçün təklifi qəbul edəsiniz.

- Bizə də minimum öz aktyorlarına verdikləri qədər qonorar verə bilərlər. Mənim orada tanınmağıma və Bakıdan kənara çıxmağa ehtiyac yoxdur. Türkiyədə filmlərə çəkilmək istəmirəm.

- Türkiyədə “Savaşçı” serialına çəkilən Kənan M.M bildiyimə görə çox da yüksək qonorar almır. Amma orada tanındı və yeni iş təklifləri də gəlir.

- Hələ ki, buranı tam fəth eləməmişəm.

- Bir az öncə yeni iş təqdim etməyin vaxtı olduğunu qeyd etdiniz. Planlarınız nələrdi?

- Yeni serial üzərində işləyirik. Burada yeni aktyor heyəti çəkiləcək. Hələ ki, danışıqlar gedir.

- Maraqlıdır, hansı aktyorlar çəkiləcək?

- Baş rola bir aktyor dostumuzu dəvət edəcəm. Dəvətimizi qəbul etsə, o, çəkiləcək. Əks halda özüm çəkilməli olacam.

- Fərda Xudaverdiyevi nəzərdə tutursunuz?

- Xeyr. Hələ bu haqda aktyorun özü belə bilmir. Bilsə, qiyməti qaldıracaq (gülür). Adını öncədən demək istəmirəm. İlk öncə özü ilə danışım ki, razılaşsın.

Rəqsanə

AzNews.az