Gülər Əhmədovanın vəkillərindən apelyasiyaya müraciət

10 May 2013 11:34 (UTC+04:00)
Hazırda həbsdə olan sabiq millət vəkilinin həbs müddətinin 3 ay uzadılması Gülər Əhmədovanın vəkillərinin narazılığına səbəb olub. Belə ki, onlar bu gün Apelyasiya Məhkəməsinə şikayət ünvanlayacaqlar. Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun modern.az-a verdiyi məlumata görə, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin cinayət Kollegiyasına şikayət artıq hazırdır:

"Heç bir sübut təqdim edilmədən Gülər Əhmədovanın həbs müddəti 3 ay artırılıb. Məhkəmə qərəzli qərar qəbul etdi. Biz vəkillər də, Gülər xanım da sübutları tələb etdik. Məhkəməyə bildirdik ki, ancaq təqdimatla insan taleyi həll olunmaz. Çünki heç bir sübut təqdim edilmədi. Cinayət Prosessual Məcəlləsinin 156.1 maddəsinin tələbləri kobud surətdə pozuldu".

Əfsər Talıbov onu da bildirib ki, bu gün məhkəmənin çıxardığı qərarla bağlı Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət edəcəklər. Onun sözlərinə görə, artıq şikayət hazırdır.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar əsasında sabiq millət vəkili fevral ayının 13-də həbs olunub. Onun barəsində məhkəmənin çıxardığı 3 ay həbs qəti imkan tədbiri may ayının 8-də məhkəmənin qərarı ilə daha 3 ay müddətinə uzadılıb.

AzNews.az