Kəmaləddin Heydərov: “Azərbaycan xalqı xoşbəxtdir ki,...“

10 May 2013 12:52 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə cümə günü təntənəli mərasim keçirib.

Tədbirdə əvvəlcə Heydər Əliyevə həsr olunan FHN-nin İctimaiyyətlə Əlaqə İdarəsinin Multimedia Mərkəzinin hazırladığı "Sən elə bir zirvəsən..." sənədli filminin nümayişi keçirilib. Filmdə ümummilli liderin siyasi fəaliyyəti ilə yanaşı, Azərbaycanda, o cümlədən keçmiş SSRİ-də fövqəladə hallar qurumlarının formalaşması, inkişafındakı rolundan bəhs edilib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mərasimdə çıxışında bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həyatı əhəmiyyətli sahələrə böyük töhfələr verib. O qeyd edib ki, bunun nəticəsində Azərbaycan dinamik inkişaf edib və ölkənin bugünkü inkişafının təməli məhz həmin dövrdə qurulub. Heydərov deyib ki, Prezident İlham Əliyev də həmin prosesi uğurla davam edir.

Nazirin sözlərinə görə, 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev rəhbərlik etdiyi dövrdə respublikanın inkişafı dinamik hal alıb:

"Sanki Heydər Əliyev Azərbaycanın müstəqilliyini görürdü və inanırdı. Elə bu səbəbdən də gördüyü işlərin hamısı ölkənin gələcək müstəqil həyatına yönəlib".

Nazir qeyd edib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi öndəri və İlham Əliyev kimi rəhbəri var. Hər bir sahədə Heydər Əliyevin izləri görünür".

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ümummilli liderin Azərbaycanın iqtisadi inkişafı, cəmiyyətin formalaşmasına yönələn işlərindən danışıb.

Novruzovun sözlərinə görə, H. Əliyevin bütün addımları xalqı qorumağa, onun inkişafına yönəlib. O, çıxışında Heydər Əliyevi müstəqil Azərbaycanın banisi kimi də xarakterizə edib:

"Heydər Əliyevin yenidən rəhbərliyə gəlişi ölkədə separatizmin qarşısını aldı, onu parçalanmadan, bacarıqsız idarəçilərdən xilas etdi. Bu gün Azərbaycanın nə böyük qardaşı var, nə də o kiminsə vassalı deyil. Ölkənin büdcəsi 25 dəfə artıb. Bu gün Prezidentimiz ölkənin inkişafı üçün bütün lazımı işləri davam etdirir və görür".

Novruzov nitqində FHN-nin fəaliyyətini uğurlu struktur kimi də dəyərləndirib.//trend//

AzNews.az