QMİ qurbanlıq heyvanların qiymətini açıqlayıb

10 May 2013 13:01 (UTC+04:00)
Bu ilki Qurban bayramında Həcc ziyarətində olan zəvvarlar üçün təklif olunacaq qurbanlıq heyvanların qiyməti açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA - ya verilən məlumata görə, Həccdə yerli hökumət tərəfindən ziyarətçilərə təklif olunacaq qurbanlıq heyvanların qiyməti 150 ABŞ dollarına qədər olacaq.

Heyvanların qiyməti çəki baxımından 150 dollara qədər dəyişəcək. QMİ-dən onu da bildiriblər ki, artıq ziyarət üçün zəvvarlara təklif olunan xidmət variantlarından biri - xərci 3250 manatlıq xidmət üçün limit dolub. Xərci 4100 manatlıq olan digər xidmət variantı üçün isə limitin isə tezliklə dolması gözlənilir. Azərbaycanda Həccə ziyarət bu il oktyabrın 2-dən başlayacaq.

Həcc ziyarətini Azərbaycanda ancaq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) həyata keçirir.

Ziyarətçilər üçün nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalanlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər üçün ümumi xərc isə 4100 manatdan ibarətdir. Həcc ziyarətinə səfərlər ancaq təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il zəvvarlar üçün avtobuslarla səfər edə bilməyəcəklər. 3250 manat xərc tələb olunan xidmət üçün limit artıq dolub, digər xidmət variantı üçün isə limitin yaxın vaxtlarda dolacağı gözlənilir. Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota 1400 nəfərdir. Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunur.

AzNews.az