Müxalifətin “payız zəfəri planı”nın məkrli gizlinləri

5 Avqust 2019 16:02 (UTC+04:00)

Azərbaycanda müxalifət dedikdə, sadəcə siyasi partiyalar, vətəndaş cəmiyyəti qurumları və bəzi KİV-lər göz önünə gəlir. Hətta bu quruluşları ölkə daxilində və xaricində bəzən demokratiyanın flaqmanı hesab edənlər də tapılır. Ancaq kimsə müxalifətin ölkəmizin inkişafı naminə hansı proqramları və ya konsepsiyaları irəli sürdüklərinin şahidi olmayıb. İniyə kimi, adlarını siyasi partiya qoymuş qrupların Azərbaycanın problemlərinin köklü şəkildə həlli istiqamətində bircə dəfə də olsun, normal təkliflərlə çıxış etməyiblər. Bu gün yeni media imkan verir ki, hər bir siyasi qrup özün və proqramların cəmiyyətə normal təqdim edə bilsin. Lakin bu baş vermir,əvəzində müxalifət sosial şəbəkələri söyüş, föhş, çirkab tribunasına çevirib. Hakimiyyətə qarşı sərt ifadələr etməyi isə, “qəhrəmanlıq” sayıblar. Mitinqlər və aksiyalarda eyni fikirləri sadalamaqla yetiniblər. Təkcə dəyişən hansısa frazeoloji ibarələr olub. Müxalifət sanki məşhur bəstəkar Frederik Şopenin “Ölüm marşı”nın klaviraturasındann qopan notların sədasını xatırladır.

Müxalifətin fəaliyyətsizliyi və etibarsızlığı ucbatından ölkədə onların varlığı belə, duyulmur. Bunun əsil səbəbi müxalifət xalqla deyil, xarici dövlətlərin maraqları çərçivəsində cərəyan edir.

Siyasi anatomiyanın acınacaqlı durumu

Azərbaycanda müxalifət adına varlığını isbat etməyə çalışan müxtəif qruplar vardır. Onların hər biri ayrı-ayrılıqda fərqli ideyalarla deyil, maraqlar çərçivəsində fəaliyyət göstərirlər. Çünki, onlar sözdə demokratiyadan dəm vuranlar, ölkənin problemlərini süni şəkildə qabardanlar, ictmai demaqoqiyadan uzağa gedə bilməyənlər, siyasi hikkəsinə söykənib “mən də partiya sərdiyəm” deyənlər zümrəsindən ibarətdir.
Ölkəmizdə müxalifət adına fəaliyyət göstərən siyasi partiyaları demək olar ki, bir neçə təsnifata bölmək olar:

1. Ədliyyə Nazirliyində qeydiyyatdan keçən və ya keçməyən kiçik qruplar,

2. Uzunömürlü siyasi partiyalar (bu qruplar sadəcə seçkidən seçkiyə varlıqlarını gündəmə gətirənlərdən ibarətdir),

3. Kripto müxalifət (Bu qrupa siyasi deyil, dini və təriqət baxışlarına görə son dərəcə qılaflanmış çevrələr daxildirlər. İran yönlülər, vəhabilər, nurçular (fətullahçılar), fərqli xristian təriqətlərini bir araya gətirənlər və s.),

4. Bir nəfər liderdən ibarət olub və özlərini siyasi lider hesab edənlər.

Müxalifətdən fərqli olaraq hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası(YAP) demək olar ki, zamanla nəsil dəyişiminə getməklə dinamik şəkildə siyasi varlığını inkişaf etdirmək strategiyasını nümayiş etdirir. Ona görə də YAP-ın ierarxiyasında müxtəlif nəsilləri təmsil edənlər həm siyasi proseslərdə, həm də ölkənin idarə olunmasında daha çevik şəkildə iştirak etmək hüququnu qazana bilibdir.

Azərbaycan müxalifətinin palitrasını təmsil edən siyasi partiyalar ötən 26 il ərzində heç bir dəyişikliklər nümayiş etdirməyib. Partiya sədrləri eyni adamlar, idarə heyəti və məclis üzvləri eyni şəxslər və ya qruplardan ibarətdir. Faktiki olaraq, təqaüdçü yaşını ötmüş partiya lirderləri də azlıq təşkil etmirlər.

Gurultulu və guppultulu adların arxasındakı yoxluq

Milli Dirçəliş Hərəkatı, Gələcək Azərbaycan, Xalq Demokrat, Milli Demokrat-İdrak, Kəndli, Birlik, Vahid Azərbaycan Milli Birlik, Vahid Azərbaycan, Demokratik Azərbaycan Dünyası, Müstəqil Azərbaycan, Milli Qurtuluş, Yurddaş, Qorqud, Milli Hərəkat, Milli Dövlətçilik, Kommunist, Vətənpərvərlər, Demokratik Sahibkarlar, Azərbaycan Naminə Alyans, Demokratik Maarifçilik, Sosial Rifah, Liberal, Sosial Demokrat, Sosial Ədalət, Milli Konqres, Milli Dirçəliş, Vəhdət , Xalq, Liberal Demokrat, Azərbaycan Mübarizləri, Ədalət, Milli Vəhdət, Azad Respublikaçılar, Azadlıq, Demokratik İslahatlar, Tərəqqi, Böyük Azərbaycan, Təkamül, Vətəndaş Birliyi, Aydınlar, Dirçəliş və Tərəqqi, Əhrar, Hümmət, İttihad, Difai, Qeyrət, Açıq Cəmiyyət, Demokratik Maarifçilik və digər siyasi partiyaların yarandığı gündən indiyə kimi nə varlığı, nə də kimliyi cəmiyyətə bəlli olmadı. Nə iqtidar, nə də özlərini müxalifət düşərgəsinin siması hesab edən siyasi partiyalar cəmiyyətdə çoxpartiyalılıq prinsiplərinə qarşı olmayıblar. Ancaq plürealizm və çoxpartiyalılığı anarxiyaya çevirmək də olmaz. Azərbaycan cəmiyyətində adlarını sadaladığımız bu partiyaların varlığı yoxdursa, bəs nədən adlarını beynəlxalq təşkilatlarda, eləcə də ölkə müxalifətinin bir parçası hesab edənlər onları zaman-zaman önə çıxarırlar? Bir siyasi partiyanın varlığı cəmiyyətdə duyulmursa, deməli yoxluğu bir gerçəklikdir.

Bu gün Azərbaycan müxalifətinin aparıcı simasına çevrilmiş siyasi partiyaların təsnifatı maraq doğuran anlamlardan biridir. Azərbaycan Xalq Cəbhəsi, Demokrat (ADP), İslam, Milli İstiqlal, Klassik Xalq Cəbhəsi, Müasir Müsavat, Respublikaçı Alternativ, Ümid, Vətəndaş Həmrəyliyi, Müsavat , Vətəndaş və İnkişaf partiyaları faktiki olaraq bu günə kimi cəmiyyətdə siyasi gündəmdə yer alsalar da, bəzən keçirdiyi aksiyalar sayəsində adları hallansa da, ölkədə iki mininci illərdən yetişmiş yeni nəsil onları tanımır. Çünki bu partiyaların rəhbərliyi və funksionerləri keçmiş nostaljidən ayrıla bilmirlər. Ötən əsrin 80-ci illərinin sonları və 90-cı illərin ortalarırna kimi yaşanılan eyforik düşüncə tərzi bu siyasi partiyaların bəlasıdır. İndiyə kimi bu partiyalar adicə kənd və ya qəsəbə bələdiyyəsinə serçkilərdə bir araya gələrək öz namizədlərini xalqın dəstəyi ilə seçdirə bilməyiblər. Halbuki danışanda gurultulu ideyalar xırdalayırlar. Sanki ağızlarına “çullu dovşan sığa bilməz” dilemması ilə addım atmağı qərara alıblar. Çünki adlarını çəkdiyimiz müxalifət partiyaları müasir siyasi texnologiyaları mənimsəməkdə, hakimiyyətə gəlməyin legitim vasitələrini ictimailəşdirməkdə daim savadsızcasına hərəkət ediblər. Müasir standartlar çərçivəsində iqtidar olmağın və cəmiyyətlə birgə işləməyin yollarını nümayiş etdirməkdə savadsız davranıblar. Hətta indi dəbdə olan “rəngli inqilablar” və “hibrid texnologiyalar” anlayışlarının nə demək olduğunu bilmirlər. Ona görə də qanunla hakimiyyətə gəlməyin deyil, “dövlət çevrilişləri”, “üsyanlar”, “xarici donorların dəstəyi”, “radikalizm” və digər anti konstitusion baxışlarla cəmiyyəti silkələməyə çalışırlar. Bütün bunlarla yanaşı, müasir siyasətdə şəxsiyyətə çevrilmənin önəmi var. Müxalifətin bu məsələdə məğlubiyyətinin digər səbəbi siyasi partiya liderlərinin xarizmalarının yoxluğudur. Müxalifət düşərgəsinin ən böyük bəlası Azərbaycanın inkişaf perspektivlərini günün standartları çərçivəsində öz proqramlarını cəmiyyətə izah edə bilməməsidir. Mövcud problemləri sadalamaqla yetinməkdən savayı, qanunvericilik təşəbbüslərini irəli sürməkdə aciz duruma düşüblər. Halbuki 28 yaşı olan gənc dövlətin problemlərinin olması və onların zamanla öz həllini tapması təbii proses deməkdir. Azərbaycan iqtidarı məhz inqilabi çağırışlarla deyil, təkamül yolu ilə addımlayır. Son illərdə irəli sürülən bütün konspesiyalar demək olar ki, həyata keçirilibdir. Regionların inkişafı, sosial-iqtisadi islahatlar bütün bunlara əyani sübutdur.

Sozalmış payızda patriarxlıq iştahı

Bu gün kimsəyə sirr deyil ki, özlərini Azərbaycan müxalifətinin adından liderlik etməklə öz hikkələrini sərgiləyən sabiq spiker Rəsul Quliyev və sabiq səhiyyə naziri Əli İnsanov bir araya gələrək mövcud hakimiyyəti xalqı inqilaba səsləmək yolu ilə devirmək planlarını həyata keçirməyə çalışırlar. R. Quliyev hətta Azərbaycanın iqtidarından “intiqam” almaq və müxalifəti maliyyələşdirmək üçün “səxavət kisəsi”ni açıb və külli miqdarda vəsait də ayırıb. Öz varlıqlarını hansısa harınlanmış iriçəkili məmurun, xarici fondların və ya donorların hesabına cəmiyyətə duydurmaq taktikası ilə hərəkət edən bəzi müxalif partiyalar marığa yatmış, vəhşi təbiətin qanunları ilə yırtıcı xislətlərinə uyğun olaraq bu “projelər”də yer almaq üçün artıq qollarını çırmalamış, hətta dişlərini qıcamışlar. Bu qruplar sosial şəbəkələrdə, müxalifətin kuluarlarında “payızda inqilab olacaq” ideyasını tirajlamağa başlayıblar. Apardığımız müşahidələr onu deməyə əsas verir ki: “PAYIZDA HEÇ BİR İNQİLAB OLMAYACAQ”. Çünki bəşər tarixində baş verən bütün inqilabların istinad nöqtəsi gənclik olub. Bugünkü Azərbaycan gəncliyi adlarını müxalifət qoymuş siyasi partiyaları tanımır. Bir də bu partiyaların liderləri heç zaman demokrat olmayıblar. Qurultaylar keçirərək liderlərini dəyişməyiblər. Təşkilatdaxili yeni nəslin dimanizminin və çevik siyasi kursun qarşısını alıblar. Avtoritarrizm və totalitarizm müxalif partiyaların acı bağırsaq kimi xəstəliyindən ibarətdir. Kim AXCP sədri Əli Kərimlini və ya Müsavat Partiyasının sədri Arif Hacılını tənqid edibsə, dərhal sədrin “qaragühu”na çevrilmiş əlaltıları həmin şəxsi partiyadan ixrac ediblər.

73 yaşlı Əli İnsanov və 71 yaşlı Rəsul Quliyev özləri kimi təqaüdçüləri bu ilin payız aylarında ayağa qaldırmaqla inqilaba hazırlıq işlərini görürlər. Müxalifət partiyalarını əslində bu gün üzləşdikləri fərqli anlayış ilgiləndirir. Bu iki varlı pensionerə yalaqlıq edərək “O olmasın, bu olsun” filimində deyildiyi kimi: “Məşədi İbadın özünə deyil, onun puluna vurlub” deyiminə sığınıblar. Beləliklə, mənəvi və maddi cəhətdən kasıblayan müxalifət liderləri dövrümüzün “Məşədi İbad”larını tapıblar. Hətta Rəsul Quluyevlə Əli İnsanovu əməlli-başlı “inqilabi prosesə” inandıra biliblər. Ahıl yaşlarında olan bu iki qocanın iqtidara gəlmək həvəsinə düşmələri olduqca gülüncdür. Bəli, bu ilin payızında bəlkə də daha bir “tragikomediya”nın şahidi olacağıq. Sozalmış ömrün son akkordları şərəflə deyil, intriqaların, kinin, küdurətin və öfkənin əsiri olmuş bu iki qocanın şıltaqlığı onların siyasi həyatının qürubunun akkord nöqtəsi olacaq. Çünki, bu gün bizlər sisyasi anarxiyanın ardınca qaçan dövlət deyilik. Xalqımız səbrlə və iradə ilə Azərbaycanın bu günkü inkişaf dinamikası proseslərinə daha çox inanır. Ona görə də gündəmə gətirilən avantüralara inanmır.

Ə. Yusifoğlu