Qənirə Paşayeva Bakı merinin sözlərinə təəssüfləndi

10 May 2013 13:46 (UTC+04:00)
Millət vəkili Qənirə Paşayevə Bakı İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun jurnalistlərin ünvanına səsləndirdiyi ifadəyə münasibət bildirib.

Son günlər sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilən məsələ ilə bağlı millət vəkili facebook hesabında fikirlərini paylaşıb:

"Jurnalist dostlar sosial şəbəkələrdən yazaraq Bakı meri Hacıbala Abutalıbovun jurnalistlərə qarşı son rəftarı və işlətdiyi ifadələrə münasibətimi, fikrimi bilmək istəyirlər. Əgər gerçəkdən də Hacıbala müəllim belə bir ifadə işlədibsə, sizcə, jurnalist kökənli bir millət vəkili olaraq buna necə münasibətim ola bilər? Təbii ki, mənfi. Çox təssüf edirəm. Amma təkcə bir millət vəkili, bir jurnalist kimi deyil, həm də sadə bir vətəndaş kimi. Bu cür davranış və ifadələri nəinki Bakı merinə, heç kimə yaraşdırmıram. Ümid edirəm ki, Hacıbala müəllim də bu cür addımların cəmiyyətdə doğurduğu reaksiyanı nəzərə alaraq bir daha bu kimi hallara yol verməyəcək".

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı meri azadlıqradiosuna açıqlamasında jurnalistləri təhqir edərək "jurnalist görəndə elə bil qəbirdə ölü görürəm" ifadəsini işlətmişdi.

AzNews.az