"Bu ölkələrdə hakimiyyət dəyişiklikləri Vaşinqtonun maraqlarına xidmət edir"

8 Avqust 2019 10:09 (UTC+04:00)

Xəbər verildiyi kimi, Qırğızıstanda Təhlükəsizlik qüvvələri keçmiş prezident Almazbek Atambayevin evinə əməliyyat təşkil edib. Atambayevin evi və ətrafındakı yollarda təhlükəsizlik tədbirləri görülüb, keçmiş prezidentin tərəfdarları polisə müqavimət göstəriblər. Atışma zamanı bir xüsusi təyinatlı və Atambayevin bir neçə tərəfdarı yaralanıb.

Mövzunu Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədovla davam etdirdik.

O, AzNews.az-a açıqlamasında bəzən, həmyerlilərimizin də fərəh hissi ilə danışdığı Ukrayna, Gürcüstan, Qırğızıstandakı rəngli inqilablar, oralarda tuğyan edən və xalqı uçuruma yuvarlayan siyasi idarəetmə modelləri haqqında danışdı.

"2000-ci illərin əvvəlindən başlayaraq ABŞ beyin mərkəzləri və müxtəlif fondlarının sahəsində Rusiya ilə geostrateji müharibə nəticəsində keçmiş Sovet Respublikalarından üçündə, Ukraynada, Gürcüstanda və Qırğızıstanda hakimiyyət çevrilişləri baş verdi. Sonrakı hadisələr göstərdi ki, bu hakimiyyət dəyişiklikləri əslində həmin ölkələrin xalqlarının yox, Vaşinqtonun maraqlarının reallaşdırılması üçün lazım idi.

Beləliklə demokratiya, azad söz şüarları, rüşvətxorluğa qarşı mübarizə, iqtisadi inkişaf devizləri adı altında Vaşinqton Moskva üzərində 1-0 qələbə çaldı. Nəticədə isə bu üç ölkənin heç birində nə iqtisadi artım, nə sosial sahədə irəliləyiş oldu. Əvəzində siyasi sabitsizlik, anarxiya və cəmiyyət daxilində qütbləşmə daha da artdı.

Qırğızıstanda hər dəfə kürsüdən uzaqlaşan demokrat liderlərə qarşı məhkəmə hökmləri və həbs qərarı, Ukraynada oliqarxik-banditizm idarəetməsinin daha da irəliləməsi, Gürcüstanda isə, gürcü xalqının bütün mental və milli dəyərlərinin əllərindən alınması buna bir misaldır. Yeri gəlmişkən, Ukraynanı faktiki xaosa çevirən Qərb və Rusiya, qarşıdakı iki il ərzində Gürcüstanı daha da betər vəziyyətə salacaqlar".

Z. Məmmədov bu gün Qırğızıstanın Rusiya oxu ətrafında, Gürcüstan və Ukraynanın isə siyasi hakimiyyətdə kimin olmasından asılı olaraq Rus-Amerikan yumruğu altında yaşamaqda olduğunu vurğuladı.

Onun sözlərinə görə, dünyanın güc mərkəzləri arasında sərt və mürəkkəb mübarizənin getdiyi bir dövrdə Prezident İlham Əliyevin apardığı xarici siyasət əksər dövlətlər üçün örnək rolunu oynaya bilər.

"Son zamanlar yaşadığımız region ətrafında baş verən hadisələr bir daha göstərir ki, rəsmi Bakının həyata keçirdiyi müstəqil daxili və xarici siyasət kursu xalqımızın milli maraqlarının reallaşdırılması və dövlətçiliyimizin inkişafını təmin edən ən optimal variantdır. Azərbaycan Xəzər-Qafqaz regionunda, eləcə də Yaxın Şərqdə mühüm oyunçudur. Bu, demək olar ki, MDB-də yeganə uğurlu çoxvektorlu xarici siyasət aparan dövlət nümunəsidir. Praktik olaraq, keçmiş SSRİ respublikalarından heç biri eyni zamanda həm Rusiya ilə, həm Avropa İttifaqı və ABŞ ilə, həm də İsrail və İranla bərabər münasibət qurmağa müəssər olmayıb".

Politoloq qeyd etdi ki, Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır.

"Bu mövqe getdikcə güclənir və dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri (Avropa Birliyi, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və b.) Azərbaycanı üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə kimi qəbul edir. Azərbaycanın tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur".

Z.Məmmədov ölkəmizin uğurlarının nəticəsində son aylar ərzində Azərbaycana qarşı müxtəlif xarici vektorlar tərəfindən istər bilavasitə, istərsə də kiçik qonşularımız vasitəsi ilə artan təzyiq olduğunu dedi.

"Bölgədə və qonşu regionlarda baş verən prosesləri nəzərə alaraq biz bir xalq kimi ayıq olmalıyıq. Həmin güclər bilməlidirlər ki, Azərbaycanda xalq-Prezident arasında olan sıx birlik və vəhdət bu kimi mərkəzlərin arzularını puç edir və edəcək".

Pərvanə

AzNews.az