“Taxtların oyunları”nın yaradıcıları seçimini etdilər – Rekord müqavilə imzalandı

8 Avqust 2019 11:57 (UTC+04:00)

"Taxtların oyunları" serialının yaradıcıları Devid Benioff və Deniel Brett Vays “Netflix” striminq xidməti ilə əməkdaşlığa başlamaq üçün HBO telekanalını tərk etmək qərarına gəliblər.

AzNews.az-ın məlumatına əsasən, bu barədə “The Hollywood Reporter” nəşri xəbər verir.

Kinematoqrafçıların artıq 200 milyon dollarlıq çoxillik müqavilə imzaladıqları bildirilir.

Məşhur serialın ssenaristləri bəyanatlarında bildiriblər ki, HBO və keçmiş həmkarlarına onillik əməkdaşlığa görə minnətdardırlar və "maraqlı və misli görünməmiş bir şeyi ərsəyə gətirməyi" bacaran “Netflix” komandasının bir hissəsi olmaqdan xoşbəxtdirlər.

Benioff və Vaysın “Taxtların oyunları” serialının yayımlandığı HBO-nu tərk etməyi planlaşdırdıqları haqqında məlumatlar iyulun sonunda ortaya çıxmışdı. Belə ki, həmin ərəfədə “Disney” və “Amazon” şirkətlərinin də kinematoqrafçıları özlərinə cəlb etməyə çalışdıqları məlum olmuşdu.

İyunun 17-də “Taxtların oyunları” fentezi serialının "Emmi" mükafatına nominasiyaların sayına görə rekord vurduğu məlum olmuşdu. Şou "ən yaxşı dram" kateqoriyası da daxil olmaqla 32 nominasiya alıb.

"Taxtların oyunları" 2011-ci il aprelində HBO-də yayımlanmağa başlamışdı.

Nigar Orucova

AzNews.az