Gənclərin ifa etməsini istəyirəm - Məcnun rolunu oynayan xalq artisti

8 Avqust 2019 12:40 (UTC+04:00)

“Opera və Balet Teatrının səhnəsində 142-ci dəfə Məcnun rolunda oynayacam”.

Bunu AzNews.az-a Xalq artisti Mənsum İbrahimov deyib.

O, qeyd edib ki, Opera və Balet Teatrının repertuarında özünəməxsus yer tutan “Leyli və Məcnun” operası sentyabrın 28-də nümayiş olunacaq:

"Teatrın baş rejissoru Hafiz Quliyevin quruluşunda təqdim olunan tamaşa 2 saat 30 dəqiqə davam edəcək. Bu tamaşada Leyli rolunun ifaçısı, əməkdar artist Arzu Əliyeva ilə tərəfmüqabili olacam”.

Mənsum İbrahimov bildirib ki, bu tamaşada daha çox gənclərə yer verilməsini istəyir:

“Hazırda fəal səhnədə deyiləm. İldə iki dəfə səhnəyə çıxıram. Daha çox gənclərin ifa etməsini istəyirəm. 17 nəfər muğam müsabiqəsinin qaliblərini mənim təklifimlə işə götürüblər. Buna görə, Opera və Balet Teatrının rəhbərliyinə təşəkkür edirəm. Onların tamaşalarına baxıb məsləhətlərimi verirəm. İndi onlar daha çox baş rollar ifa edirlər”.

Bahar RÜSTƏMLİ

AzNews.az