Zakir Həsənov hərbi hospitalın açılışında oldu

13 Avqust 2019 10:01 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin xidmət, sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması istiqamətində inamlı islahatlar həyata keçirilir, ordunun maddi-texniki təminatı gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastrukturlar qurulur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkə rəhbərliyinin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti bu istiqamətdə görülən işlərlə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə edilməsi məqsədilə cəbhəboyu zonada yeni tikilən hərbi hospitalın açılışında olub.

Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Məruzəyə əsasən, 150 çarpayılıq hərbi hospitalın 6 hektar ərazini əhatə etdiyi bildirilib. Burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də 450 kubmetr həcmində su anbarı, əsgər yeməkxanası, ərzaq və əşya anbarı, hamam-camaşırxana-qazanxana kompleksi, 60 yerlik avtodayanacaq, nəzarət buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, abadlıq işləri görülüb, asfalt örtüyü salınıb.